Kinodramaturq Əli Qafarovun həyat və sənət amalı
   
   Milli kino sənətimizin inkişafına töhfələr verən, bu sahədə öz dəst-xətti ilə seçilən sənətkarlardan biri də tanınmış kinodramaturq Əli Qafarov olub.   
   Əli Hüseyn oğlu Qafarov 16 oktyabr 1935-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətində dünyaya göz açır. Valideynləri Lənkəran şəhərinə köçəndən sonra Əli burada orta məktəbdə təhsil alır. 1954-cü ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. İkinci kursu bitirəndən sonra, 1956-cı ildə Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsində təhsil almağa göndərilir. Bir müddət sonra o, kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunur və cəzalandırılır. On il Sibir düşərgələrində cəza çəkir. Sonra, iki il Ümumittifaq “Hidroenerjilayihə” İnstitutunda, Anqarsk geoloji ekspedisiyasında topoqrafik və qazma dəstələrində fəhlə işləyir.
   Bu illər Əli üçün sərt həyat məktəbi olur. Sonralar respublika və ümumittifaq dövri nəşrlərində Əli Qafarovun “Sibir” hekayələri işıq üzü görür. Beləliklə, o, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edir.
   Əli Qafarovun həyat və fəaliyyətini tədqiq edən kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, o, vətənə qayıtdıqdan sonra qələmini jurnalistikada sınayır. “Bakinski raboçi” qəzetinə 1962-ci ildə ədəbi işçi kimi işə götürülür. Eyni zamanda yazıçını kinodramaturq olmaq arzusu rahat buraxmır. Əli Qafarov 1968-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursuna daxil olur. Məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasında təhsil alır.
   Əli Qafarovun istedadının çiçəkləndiyi dövr 1970-ci illərə təsadüf edir. O, “Azərbaycanfilm” kinostudiyasında “Qızıl qaz”, “Çarvadarların izi ilə” bədii və “Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”, “Xəzər Atlantidası” və s. sənədli filmlər üçün ssenarilər yazır. 
   Kinodramaturq “Çarvadarların izi ilə” bədii televiziya filminin ssenarisini Xalq yazıçısı İlyas Əfəndiyevin “Körpüsalanlar” romanının motivləri əsasında yazıb. Filmin rejissoru Tofiq İsmayılov, operatoru Valeri Kərimovdur. Çarvadarlar qədimdə keçilməz və təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur, güclü və igid oğullara deyirdilər. Filmin adı da buradan götürülüb. 
   Kino əsərinin qəhrəmanı Adil inşaatçı mühəndisdir. O, doğma kəndlərinə yol çəkmək istəyir. Yolun tikintisi haqqında təklif rayonda və mərkəzdə də bəyənilir. Lakin mühəndis bu işdə bir məsələni diqqətdən qaçırır. Adil vəzifəsindən istifadə edərək yolu tez təhvil vermək istəyir. Planı yerinə yetirmək üçün yol üstündəki qədim abidələri, insanların müqəddəs hissləri ilə bağlı olan tikililəri uçurmaq istəyir. Adilin bu hərəkəti əhalinin narazılığına səbəb olur. Yolçəkənlərlə camaat arasında ciddi münaqişə baş verir...
   Kinorejissor T.İsmayılov film haqda danışarkən deyib: “Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin misilsiz yadigarı olan, uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaqdır. Çünki keçmişdən yadigar qalan hər daşa, gözoxşayan hər bir gözəlliyə ehtiram, qayğı bizim vətəndaşlıq borcumuzdur”.
   Kinodramaturq Əli Qafarovun sənədli filmlərinin mövzusu çox maraqlıdır. Rejissor S.Bədəlovun 1969-cu ildə lentə aldığı “Mahnıya həsr olunmuş həyat” filmi opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovaya həsr olunub. Filmdə diktor mətni yoxdur. Filmi müğənninin özü şərh edir. Bu nə qədər çətin olsa da, uğurlu alınıb. Filmdə görkəmli müğənninin həyat və yaradıcılığı öz parlaqlığı ilə canlanır.
   Ə.Qafarov və Ə.Muğanlının ssenariləri əsasında rejissor Y.Əfəndiyevin lentə aldığı “Odla təmasda” filmi Azərbaycan xalqının digər xalqlarla dostluq və əməkdaşlığından bəhs edir. İlk kadrlarda respublikamızın paytaxtı Bakı haqqında danışılır. Bildirilir ki, şəhərin min ildən də artıq yaşı var. Sonrakı kadrlarda məlum olur ki, Sumqayıtda hazırlanan borulardan Bakı neftçiləri Hindistan torpağında qazdıqları quyularda istifadə etmişlər. Bağdadda ilk milli balet məktəbi ilə tanış oluruq. Həmin məktəbə SSRİ Xalq artisti Qəmər Almaszadə rəhbərlik edir.
   Film bu sözlərlə başa çatır: “Hər bir insan həyatı, əgər o, düzgün həyat sürübsə, hər bir insan əməli, əgər o, insanlara xidmət edirsə, hər bir ölkə, əgər o, sülh və dostluğa can atırsa - bu həmin oddur ki, biz onu hər bir kəslə bölüşə bilərik və onu dostların əlindən qəbul edə bilərik”.
   Vətənə bağlı olan yazıçı Əli Qafarovun həyatı, təəssüf ki, erkən başa çatır. O, 1979-cu ildə, 44 yaşında ikən faciəli şəkildə həlak olur. Ölümündən sonra Moskva şəhərində onun hekayə və povestləri “Qızıl qaz” adlı kitabda (1984) işıq üzü görür. 
   
   Savalan Fərəcov