Rusiya səsvermədə Polad Bülbüloğlulunun namizədliyini dəstəkləyəcək
   
   Oktyabrın 9-da UNESCO-da baş direktor vəzifəsinə namizədlərlə bağlı səsvermə prosesi başlayacaq.
   UNESCO-nun saytında yer alan məlumata görə, qurumun İdarə heyətinin oktyabrın 4-dən 18-dək keçirilən 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasın sonunda ilkin gizli səsvermə aparılacaq. Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizlin səsvermə oktyabrın 10, 11 və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu gün də tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd seçilərək müsabiqə onların arasında aparılacaq və yekun namizəd seçiləcək.
   UNESCO-nun yeni baş direktoru vəzifəsinə 9 namizəd var. Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğludur. Digər 8 namizəd Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatemaladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.
   * * *
   Rusiya UNESCO-nun baş direktoru vəzifəsinə Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Bu fikri TASS agentliyinə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov söyləyib. 
   O deyib: “Seçkilər oktyabrın 9-da keçiriləcək və ehtimal ki, bir neçə mərhələdə davam edəcək. Biz Azərbaycana üstünlük veririk”.
   Xatırladaq ki, UNESCO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyətləri başa çatır. Baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər. 
   Baş direktorun namizədliyi İdarə heyəti tərəfindən Baş konfransa göndəriləcək və yeni baş direktor Baş konfrans tərəfindən təyin olunacaq. UNESCO Baş konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.