1920-ci ildən Cenevrədə Millətlər Liqasının arxivində saxlanılan sənədlərin surəti Azərbaycan rəsmilərinə təqdim olunub
İsveçrədə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər. Kitabxananın müdiri Françesko Pisano qonaqlara kitabxananın tarixi barədə məlumat verib.
Qeyd edilib ki, Birinci Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu il aprelin 28-də Parisdə keçirilmiş sülh danışıqlarının yekununda yaradılmış Millətlər Liqası sülh və təhlükəsizliyin qorunmasında uğurlu fəaliyyət göstərməyə müvəffəq ola bilmədi. Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil olub və təşkilatın fəaliyyətinə 1946-cı ildə son verilib.
Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur.
Bu sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda ölkəmizin Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının Xalq Cümhuriyyəti ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb. Həmin sənədlərin yerləşdiyi elektron daşıyıcı oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycanın Baş nazirinin müavini Əli Həsənova təqdim olunub.
Françesko Pisano, həmçinin Azərbaycanın daimi nümayəndəliyi tərəfindən kitabxanaya təqdim edilmiş kitablara görə minnətdarlığını ifadə edib və gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Sənədlərin qorunmasına görə təşəkkür edən Əli Həsənov bu arxiv materiallarının ölkəmiz üçün böyük tarixi əhəmiyyət daşıdığını qeyd edib. Vurğulanıb ki, qonşularının məkrli siyasətinə və işğalına məruz qalan Azərbaycan kimi ölkələrin tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var və həmin sənədlər toplusu tarix elminə böyük töhfələr verəcək.
Xatırladaq ki, 1919-cu ildə Parisə gedən Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Qərb dairələri ilə bir il davam edən gərgin danışıqlardan sonra 11 yanvar 1920-ci ildə I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul edib. Paris sülh konfransının qərarı yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Nümayəndə heyətinin apardığı sənədlər o vaxtdan Cenevrədə Millətlər Liqasının arxivində saxlanılır.
* * *
Həmin gün Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”na da baş çəkib. Bildirilib ki, 2007-ci ildə Azərbaycan tərəfindən bərpa olunmuş və milli xalçalarla, rəssamlarımızın, tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı” mühüm iclasların keçirilməsi üçün istifadə edilir. BMT-nin Cenevrə bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın fəaliyyət göstərməsi əməkdaşlığın inkişafının bariz nümunəsi kimi səciyyələndirilib.