Oktyabrın 4-də Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ev və xatirə muzeylərinin yeni veb saytlarının təqdimatı keçirildi.
Baş idarənin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Günel Əhmədova tədbirdə çıxış edərək bildirdi ki, idarənin tabeliyində fəaliyyət göstərən Nəriman Nərimanov və Məmməd Səid Ordubadinin xatirə muzeyləri, Cəlil Məmmədquluzadə, Əzim Əzimzadə və Cəfər Cabbarlının ev-muzeylərinin veb saytları hazırlanıb. Saytlar yeni dizayn və son texnologiyaları dəstəkləyən sistem əsasında ərsəyə gəlib. İnformasiya texnologiyalarının sürətli inkişafı və istifadəçilərin çox hissəsinin mobil telefonla saytlara daxil olduğu nəzərə alınaraq saytların mobil versiyası da yaradılıb. Saytlar Google axtarış sisteminə tam adaptasiya olunaraq optimallaşdırılıb.
“Kaktus kreativ” şirkətinin nümayəndəsi Arzuman Paşayev çıxış edərək saytların texniki imkanları haqqında məlumat verdi. Bildirildi ki, saytlarda görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, ev-muzeylərinin fəaliyyəti və bu mədəniyyət ocaqları ilə əlaqə əhatəli şəkildə öz əksini tapıb. Yaradılan bölmələrdə istifadəçilər ev-muzeylərinin fəaliyyəti ilə yanaşı, ayrıca keçid-bloq vasitəsilə tanınmış simaların elmi yaradıcılığı, əsərləri ilə də yaxından tanış olmaq imkanı qazanacaqlar.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məsul əməkdaşları və paytaxtda fəaliyyət göstərən ev-muzeylərin rəhbərləri və əməkdaşları iştirak edirdi.
Lalə Azəri