Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub.
Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olub və Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") kimi bir çox parlaq obrazlar yaradıb.
Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada teatrın aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.