Azərbaycan Milli İncəsənət Muzeyinin bölgə muzeyləri ilə həyata keçirdiyi “Əməkdaşlıq və metodiki yardım” layihəsi davam edir.
Layihə çərçivəsində muzeyin elmi işlər üzrə direktor müavini X.Əsədova və şöbə müdiri A.Osmanov 27-29 sentyabr tarixində Şəki şəhəri, Oğuz, Zaqatala, Balakən, Qax rayon tarix-diyarşünaslıq muzeylərində səfərdə olublar. Beş bölgədə fəaliyyət göstərən muzey rəhbərləri və əməkdaşları ilə treninqlər keçirilib, müzakirələr aparılıb, zəruri məsləhətlər verilib.
5000-dən çox eksponatı olan Şəki Tarix-Diyarşünaslıq Muzeyi şəhərin mərkəzində yerləşir və turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. M.F.Axundzadənin, Sabit Rəhmanın və Rəşid bəy Əfəndiyevin ev-muzeyləri Azərbaycanın tanınmış maarifpərvər şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin təbliğatçılarıdır.
Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyində də 5000-dək eksponat mühafizə edilir. Muzeydə bölgədə yaşayan xalqların musiqi alətləri, geyim mədəniyyəti, incəsənət nümunələri, məişət əşyaları haqqında zəngin ekspozisiyası var.
Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində 10 mindən çox eksponat qorunur. Bu muzeyin digərlərindən üstün cəhəti gümüşdən hazırlanmış çeşidli bəzək əşyalarının sayca çox olmasıdır. Muzeyin 3 əməkdaşı TİKA təşkilatının layihəsi əsasında Konya şəhərində (Türkiyə) xüsusi kitab bərpası üzrə kurslarda təcrübə qazanıblar. Əldə etdikləri biliklər nəticəsində onlar muzeyin qədim əlyazma kitablarına ikinci həyat verirlər.
Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyində 11 600 eksponat var. Ekspozisiyada toplanan maraqlı eksponatlar qədimliyi, forma, hazırlanma texnikasına görə unikaldır.
Milli İncəsənət Muzeyinin əməkdaşları son olaraq Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində görüş keçiriblər. 4558 eksponat qorunan muzeyin ekspozisiyası iki mərtəbədən ibarətdir və bağ-bağçalı həyəti ilə də diqqət çəkir.