Yeni çəkilmiş Azərbaycan filmləri gələn ilin əvvəlindən “Nizami” kinoteatrında tamaşaçılara təqdim ediləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdirinin müavini Müşfiq Hətəmov məlumat verib. Nazirliyin rəsmisi deyib ki, bu il Elxan Cəfərovun rejissoru olduğu “Əlavə təsir”, Rövşən İsaqın “Aktrisa”, İlqar Nəcəfin “Buta”, Ülviyyə Könülün “Vəkil hanı?”, Yavər Rzayevin “İlahi məxluq” əsərləri ekranlaşdırılıb. Hazırda yenidən qurulan “Nizami” kinoteatrı işə düşdükdən sonra orada həftənin bir günündə yeni çəkilmiş Azərbaycan filmləri nümayiş etdiriləcək.
M.Hətəmov onu da qeyd edib ki, bu il daha bir neçə filmin (“Qisas almadan ölmə”, “Mən evə qayıdıram”, “Çölçü”, “Qırmızı bağ”, “Dolu”) çəkilişlərinə başlanılıb.