Bu gün danılmaz bir faktdır ki, bəşəri ideyalı pyeslər heç zaman ölmür. Klassik dramaturgiya nə qədər öz dövrü üçün aktual olan məsələləri işıqlandırmış olsa da, bu gün də maraqla izlənilir və tamaşaçılar tərəfindən sevilir. Hər bir rejissor səhnə yozumu ilə mövzunu müasir dövrümüzlə əlaqələndirməklə belə pyeslərə yeni bir ruh gətirir. Beləliklə, klassik dramaturgiya öz aktuallığını qoruyub saxlaya bilir.
Mirzə Fətəli Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuş və Şərq aləmində dram yazmağın ən gözəl nümunəsini göstərə bilmişdir. Azərbaycan peşəkar teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmış, 1873-cü ildə ədibin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Hacı Qara” əsərlərinin Bakıda səhnələşdirilməsi ilə həm də türk-müsəlman aləmində peşəkar teatrın əsası qoyulmuşdur.
Axundzadənin komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları böyük ustalıq və məharətlə yaradılmışdır. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb-danışmasını göstərmək böyük hünər tələb edirdi. Təsadüfi deyil ki, Mirzə Fətəlinin yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb edə bilmişdir. 1852-ci ilin avqustunda alman jurnalı “Magazin für die Literatur des Auslandes” (Xarici ədəbiyyat jurnalı - A.B.) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra - A.B.) hələ uzun zaman yad qalacaq, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətəlayiqdir. O, Mirzə Fətəli Axundzadədir”.
Axundzadənin ilk dəfə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına 1873-cü ildən sonra müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı bəxş edilmişdir. Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrı özünün 49-cu mövsümünün açılışında da teatrsevərlərin qarşısında məhz bu komediya ilə çıxış etmişdir. Komediya Mingəçevir teatrının səhnəsində baş rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda tamaşaçılara yeni səhnə yozumu ilə təqdim edilmişdir. Tamaşa Xəzər Gəncəlinin quruluşunda milli kolorit, şən yumorla yanaşı, XVIII əsrdə hökm sürən idarəçilik üsullarına sarkazmla işarələr vurur, dövrün, zamanın qisas, qorxu və ədalətsizlik üzərində bərqərar olmasını göstərə bilir.
Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır və bu qorxu digərlərinə də sirayət etməkdədir. Pərdə açılarkən səhnə izdihamla nümayiş olunur. Sanki hər kəs öz işindəymiş kimi görünməyə çalışır. Xanın ətrafı və yalanlarla dolu bir dünya. İlk andaca rejissor hər bir obrazı süjet xəttinə uyğun olaraq təqdim edir, səhnədə obrazlar daha canlı və dolğun görsənir.
Tamaşada cərəyan edən əsas hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib (aktyor Asim Məmmədov) öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı (aktrisa Aytən Allahverdiyeva) Xana (Əməkdar artist Şıxı Yaqubov) ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı (Paşa Salmanov) sevir. İki arvadının, qayınanası Pəri xanımın (Əməkdar artist Ella Yaqubova) və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır.
Əməkdar artist Şıxı Yaqubovun ifasında Xan obrazı səhnədə özünəxas cizgilərlə diqqət mərkəzində dayanır. Xanın hər zaman məmləkətə dırnaqarası ədalətlə baxışı və idarəetmə üsulları aktyorun oyununda tam fərqli bir rakursda təqdim olunur. Şıxı Yaqubov səhnədə bir az da həyəcanlı və qorxaqdır. Bu onun hər zaman sui-qəsd xofu ilə yaşamasını əyani göstərə bilir. Xanın şikayətçilərin müraciətinə baxışı, qisasçılıq zəminində qərarların verilməsi ədalətin “bərpasını” təsvir edir. Aktyor səhnədə hər an hərəkətdədir. Bu hərəkət obrazın bədii üsul və vasitələrlə açılması baxımından maraqla izlənilir.
Əməkdar artist Ella Yaqubovanın yaratdığı Pəri xanım obrazı isə tamaşaya başqa bir aləm qatır. Aktrisanın məharətli ifası səhnədə tərəf-müqabillərinin obraz üzərində necə işləməyin yollarının açıqlanması baxımından diqqəti cəlb edir. Həmçinin xüsusi bir ləhcə ilə səhnədə danışıq tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verir. Qorxaq, iş bacarmaz, həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərinin əməllərinin ifşa edilməsi üçün aktrisa canlandırdığı Pəri xanım obrazında maraqla qarşılanır.
Vəzir Mirzə Həbib obrazını aktyor Asim Məmmədov oynayır. Onun səhnəyə hər bir gəlişi obraza xas ştrixlərlə göstərilir. Aktyor səhnədə yalanlar üzərində qurulan dünyasına inanmaqla Vəzir Mirzə Həbib obrazını rejissor traktovkasına uyğun olaraq təqdim edə bilir. Onun hadisələrin cərəyanında ikinci arvadı olan Şölə xanım üçün yeni bir bayramlıq paltarı sifariş etməsi təklifi ailə münaqişəsinin daha da gərginləşməsi fonunda maraqla baxılır. Bu gizli sövdələşmədən xəbər tutan Ziba xanım (aktrisa Elmira İbrahimova) iki qadın arasında Vəzir Mirzə Həbibin daxili aləminin açılmasında əsas amillərdəndir. Mirzə Həbib Şölə xanımın yalan və iftiralarına hər zaman inanaraq Ziba xanımı günahkar bilir.
Hər dəfə səhnədə maraqla baxılan iki obraz - Ziba xanım və Şölə xanım quruluşçu rejissor Xəzər Gəncəlinin yozumunda maraqlı ştrixlər fonunda təqdim edilir. Şölə xanımın (aktrisa Könül Hacıyeva) fitnə-fəsadı, Ziba xanımın isə həqiqətləri üzə çıxarmaq istəyi obrazların daxili aləminin açılmasına kömək edir. Ziba xanım obrazını aktrisa Elmira İbrahimova səhnədə hadisələrin cərəyanı fonunda hər zaman diqqət mərkəzində saxlaya bilir. O, baş verən hadisələrin Mirzə Həbibə dürüst formada çatdırılmasına çalışsa da, Şölə xanımın fitnə-fəsadı buna imkan vermir. Mirzə Həbib isə cavan və gözəl olan Şölə xanımın bu fitnə-fəsadı qarşısında çox acizdir. O, iti baxışları ilə hər zaman Mirzə Həbibi öz yalanlarına inandıra bilir. Bu iti baxışlar Könül Hacıyevanın ifasında səhnədə xüsusi bir detal kimi oynanılır.
Nisə xanım obrazını ifa edən gənc aktrisa Aytən Allahverdiyeva öz sevgisinə sadiq olan və hər an bu sevgisi üçün çarpışan bir obraz olaraq diqqət mərkəzində olmağı bacarır. Onun səhnəyə hər gəlişi bir şuxluq və məhəbbət gətirir. Nisə xanım Şölə xanımın fitnə-fəsadına rəğmən yalanlar bataqlığında batır. Rejissor tərəfindən verilən hər bir mizan gənc aktrisanın oyununda dəqiq məziyyətlərlə təqdim edilməklə baxılır və sevilir.
Tamaşada əsas obrazlardan biri də Xanın qardaşı oğlu Teymur ağa obrazıdır. Gənc aktyor Paşa Salmanov tamaşanın ilk səhnəsindən diqqəti cəlb edir. Onun Xandan qisas almaq istəyinin reallaşması tamaşanın kulminasiya nöqtəsini təşkil edir. Xanın dəryada batırılması, Teymur ağanın taxt-taca sahib olması həm də varislik və qisas hissinin obraz üzərində nə qədər böyük olduğunu göstərə bilir.
Tamaşada aktyor Aydın Quliyevin Hacı Salah və gənc aktyor Ceyhun Əhmədovun Xacə Məsud obrazları da hadisələrin fonunda diqqət mərkəzində olmağı bacarır və maraqla baxılır.
Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli öz quruluşu ilə Mirzə Fətəli ideyalarına, dramaturgiyanın ali məqsədinə və xüsusilə ana xəttinə sadiq qalaraq müasir dövrümüzə səslənməklə səhnədə yeni bir sintez təşkil edə bilmişdir. Pyesin təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə baş verə bilər. Rejissor bu ideyaya sadiq qalaraq pyesin əsas qayəsini diqqət mərkəzində saxlamaqla aktyorların ifasında yeni traktovka təqdim edə bilmişdir. Obrazlar hər an hərəkətdə və maraqla qarşılanır. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası Xəzər Gəncəlinin uğurlu səhnə taleyi bəxş etdiyi rejissor işi kimi dəyərləndirilməlidir.
Tamaşanın uğurlu taleyi həmçinin rəssam Kəmalə Əsgərova tərəfindən verilən maraqlı səhnə tərtibatı ilə də üzvi şəkildə bağlıdır. Onun verdiyi tərtibat həmçinin zəngin milli geyimlərimizə olan xüsusi diqqət və bununla da aktyorların koloritli oyunları baxış zamanı bizi XVIII əsrin sonlarına - XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə çox böyük təsir gücünə malikdir. Həmçinin Elnur Rəsulovun musiqi tərtibatı bu ideya-bədii təqdimatın açılmasına böyük təkan vermiş olur. Səhnə tərtibatı və musiqi zənginliyi pyesin ideyası ilə eynilik təşkil etməklə rejissor yozumunun tamaşaçıya çatdırılması rakursunda maraqla izlənilir.
Anar Bürcəliyev
teatrşünas