Oktyabrın 3-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin qocaman əməkdaşı, görkəmli tarixçi-alim, numizmat, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 90 illik yubileyi münasibətilə elmi sessiya keçirilib.
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı alimi təbrik edərək onun elmi fəaliyyətindən danışıb. Bildirib ki, Ə.Rəcəbli ömrünün 50 ilini muzey işinə və Azərbaycan numizmatikasının öyrənilməsinə həsr edib. O, muzeyin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı, respublikada diyarşünaslıq işinin təşkili sahəsində xüsusi yeri olan aparıcı muzey işçisidir. Onun mühafizi olduğu, 150 mindən çox sikkə və digər maddi mədəniyyət abidəsinin saxlanıldığı muzeyin numizmatika fondu numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapıb.
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli professor Ə.Rəcəblinin tarix elmi və numizmatika sahəsində tədqiqatlarından söhbət açıb. Qeyd edib ki, Ə.Rəcəbli akademiyanın A.Bakıxanov adına medalı ilə təltif olunub. 
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alimin arxeologiya və numizmatika sahəsində gördüyü işlərdən bəhs edib.
   Sonda Ə.Rəcəbliyə xatirə hədiyyələri təqdim edilib.