Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb.
Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılan Fondun nizamnaməsi təsdiq edilib.
Fərmanda bildirilir ki, Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Fondun fəaliyyətinə ümumi nəzarəti beş üzvdən ibarət Himayəçilik Şurası, fəaliyyətə cari rəhbərliyi isə icraçı direktor həyata keçirir.