“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı olub
   
   Oktyabrın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində mərhum rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi və “Müslüm Eldarov” kitabının təqdimatı keçirilib.
   Muzeyin direktoru, professor Çingiz Fərzəliyev Müslüm Eldarovun qısa, lakin mənalı bir ömür yolu keçdiyini bildirib. Deyib ki, o, Azərbaycan heykəltəraşlığında öz üslubunu, dəst-xəttini yaradan sənətkarlardandır.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə və başqaları çıxış edərək Müslüm Eldarovun sənət dünyasından, Azərbaycan təsviri sənətinə, xüsusilə də heykəltəraşlığına bəxş etdiyi ölməz incilərdən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
   Bildirilib ki, oxuculara təqdim olunan “Müslüm Eldarov” adlı monoqrafik kitab rəssamın həyatı, fikirləri, duyğuları, əməli və vəfatı haqqında ən məhrəm düşüncələri açıqlayır.
   Qeyd olunub ki, Müslüm Eldarov 1956-ci ildə görkəmli heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açıb. 1975-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci illərdə isə İ.Repin adına Rusiya Rəssamlıq Akademiyasını bitirib. 80-ci illərin ortalarında geniş vüsət almış yaradıcı gənclər hərəkatının parlaq nümayəndələrindən biri olub. 1986-cı ildə ilk qeyri-formal mədəniyyət təşkilatının - Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak edib, sonralar həmin təşkilata rəhbərlik edib.
   1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində “Humay” qalereyasını təsis edib. Beynəlxalq və regional əhəmiyyətli layihələr həyata keçirən “Anglo Caspian Publishing Ltd” şirkətinin təşəbbüskar və təşkilatçılarından biri olub. Müslüm Eldarov 2003-cü ildə 47 yaşında dünyasını dəyişib.
   Çıxışlarda bildirilib ki, hər bir insan bu dünyaya müəyyən missiya ilə gəlir, amma hər kəsə bu missiyanın nədən ibarət olduğu aydın olmur və çox az insan öz təyinatını həyata keçirməyə müvəffəq olur. Müslüm bu mənada xoşbəxt adam idi. Onun etdikləri yüz ömrə bəs edərdi. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov oğlu ilə bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından söz açıb.
   Sonra iştirakçılar sərgi ilə tanış olublar.
   Sərgidə rəssamın "Abşeron", "Kompozisiya", "Atamın portreti", "Sərv ağacı", "İt və qız", "Elçi", "Fransa xatirələri", "Gənc qız" kimi 80-dən artıq rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
   Sərgi oktyabrın 17-dək davam edəcək.