Belə deyirlər ki, hər insanın qəlbində xeyirə və şərə xidmət edən iki mələk var. Onlar insanın əməllərindən qidalanırlar. Yaxşı əməllər xeyir mələyinin, pis əməllər də şər mələyinin qidasıdır. Şərə qulluq edincə cəhənnəmin qapısı üzünə daha geniş açılır...
...Oktyabrın ilk həftəsonu paytaxtın mədəni həyatında teatr premyerası ilə əlamətdar oldu. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış «Cəhənnəm sakinləri» tamaşası təqdim edildi. Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
İlk nümayişdən əvvəl jurnalistlərə müsahibə verən müəllif hisslərini bu cür ifadə etdi: «Bu gün mənim üçün çox xoş bir gündür. Pyeslərim nəinki Azərbaycanda, dünyanın bir sıra teatrlarında tamaşaya qoyulur. Amma səmimi şəkildə deyim ki, mənim üçün ən böyük yaradıcılıq hadisəsi - pyeslərin səhnə həyatı ilə əlaqədar deyirəm - ən böyük hadisə məhz bu teatrda olur. Bura bizim müqəddəs sənət ocaqlarımızdandır. Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib. Başqa teatrlarda Azərbaycan dilində oynanılıb. Amma Akademik Milli Dram Teatrında ilk dəfə səhnəyə qoyulur. Bu, mənim Azərpaşa Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki, “Cəhənnəm sakinləri” tamaşaçıların xoşuna gələcək”.
* * *
1937-ci ilin son günü. Dekabrın 31-də kommunal mənzildə yaşayan 4 ailə Yeni ili qarşılamağa hazırlaşır. Yəni əslində bir-birinə bab olan üç ailə - üç ər-arvad ümumi otaqda böyük masanı bayramsayağı bəzəyiblər ki, birlikdə köhnə ili deyə-gülə yola salıb, təzəsini də böyük ümidlərlə qarşılasınlar. Amma bu sadə adamlardan fərqlənən, dördüncü cütlük - böyük vəzifədə işləyən Kişi (Əməkdar artist Elşən Rüstəmov) və onun kübar Qadını (Xalq artisti Məleykə Əsədova) qonşulara qoşulmur. Əslində qoşulmayan təkcə Qadındır, çünki Yeni ilə bir neçə saat qalsa da, Kişi hələ işdən gəlməyib. Yəqin ki, ifşa iclasındadır. Qadın həm əri üçün narahatdır, həm də ilin son günündə axşam ifşa iclası keçirənləri anlamır, 37-nin tuthatutundan gileylənir. Amma Kişi evə gələndən sonra anlaşılır ki, həmin gün ifşa iclası təkcə onun iş yerində keçirilməyib. Çünki ümumi qapının üstündəki zəng düymələri bir-bir basılır və qonşu kişilər onların ardınca gələn qara maşından düşən qara meşin plaşlı enkevedeçinin (NKVD - rus dilində Xalq Daxili İşlər Komissarlığı - G.M.) əmri ilə aparılır, onların həyat yoldaşları isə ərlərinin ardınca yüyürür və qeyb olurlar...
Bizim baş qəhrəmanlarımız Kişi və Qadın isə baş verənləri unutmağa çalışaraq guya Yeni ili qarşılamağa cəhd göstərirlər. Ta kimsə qapını eynilə Kişinin döydüyü ritmlə döyənədək və qapını döyən astanadan keçmədən otaqda peyda olanadək... Əsl həngamə elə həmin məxluqun, cütlüyün şeytan, iblis zənn etdiyi Qonağın (Xalq artisti Nurəddin Mehdixanlı) gəlişi ilə başlayır. Qonaq Kişi ilə Qadının iştirakı ilə ifşa iclası qurur.
Tamaşada daha nələrin baş verdiyini deyib oxucuların «Cəhənnəm sakinləri»nə marağını azaltmaq fikrimiz yoxdur. Sadəcə, tamaşa barədə, müəllif ideyası və əsas rolların ifaçılarının deyiləsi fikirləri necə çatdırması barədə.
* * *
Tamaşa başlayan kimi, elə ilk epizodda seyrçi eşidəndə ki səhnədəkilər 1937-ci ili yola salmağa hazırlaşır, o andaca səhnə boyu düzülmüş qapılara rejissorun «yüklədiyi» anlam yerini tapır: bu qapılar hansısa gecənin birində mütləq döyüləcək! Az keçmiş, seyrçinin gümanı düz çıxır. Qapının zəngi üç dəfə çalınır və qonşular bir-bir gedirlər. Sadəcə, seyrçi bu zorla aparılma məqamlarında sarsılır: kimsə aparılan qonşusunun saf adam olduğunu, onun günahsız olduğuna inandığını demir. Nədən? Yəqin ki qorxudan! Bəlkə də qəfil zəngin ondan ötüşdüyünə şükür etdiyinə görə?!
Qonağın - Şeytanın gəlişi ilə tamaşa bayaqkı realist ampluasından çıxır və absurd teatra çevrilir. Əgər Qonağın qapını eynilə Kişi kimi (yəni içindəki Şeytan sənin hər sirrinə bələddir) döyməsi, pencəyini havadan asması (papağın boş qalması barədə bir el məsəli də var) absurdluğa bir işarədirsə, tamaşanın son səhnəsində qapıların səhnə boyu yerini dəyişməsi (gəldiyi qapının getdiyi qapı olacağını kim bilir?), bu mənzil sakinlərinin əyləşdikləri stulların havaya qalxıb göydə fırlanması (ələyin ələnib xəlbirin göydə fırlanması təbiri) gerçəkliyin də içində bir mistikanın mövcudluğuna işarədir. Bu azmış kimi, Şeytan - Qonaq əvvəlcə Kişinin iç üzünü, dost xəyanətini açıb onun məsum görünüşlü Qadınına deyir, sonra da Qadının işləklərini açıb tökür. Ər də, arvad da guya bir-birini qorumaq üçün donosbazlıq etdiyini desə də, seyrçi anlayır ki, hər kəs ilk növbədə özünü sığortalamaq, ölümdən, sürgündən qorumaq üçün belə edib.
Şeytan onların qapısını döyənədək Məleykə Əsədovanın oynadığı Qadın aktrisanın bu vaxtadək canlandırdığı gözəl və müsbət qadın qəhrəmanlardan o qədər də seçilmir. Aktrisa obrazının iç üzünü - ailə dostu Qəribzadəyə və onun arvadına qarşı yalan ifadə verdiyini açıqlayarkən açır. Hələ qızıl-qırmızı etiraf nədir, öldüyünü zənn etdikləri Qonağı balta ilə şaqqalayaraq zibilliyə tullamağı təklif edərkən daha da aqressivləşir, atasının donos yazmaqda tayı-bərabəri olmadığı barədə dediklərini ona bağışlamayacağını kübarlıqla düz gəlməyən jestləri, hərbə-zorbalı danışıq tərzi ilə məharətlə çatdırır. Hətta illərdən bəri onunla bir dam altda yaşayan əri də öz arvadını tanıya bilmir. Beləcə, məlum olur ki, Qadın da zaman-zaman az da olsa, qəlbindəki bədniyyət mələyi “yedizdirirmiş”.
Bu gün teatr və kinonun ən çox tələb olunan aktyorlarından sayılan Elşən Rüstəmov isə səhnəyə ilk çıxışından öz personajının əvvəlcə qorxaq, sonra da situasiya dərinləşdikcə də satqın xislətini bir qədər xəsis ştrixlərlə çatdırır. Onsuz tənha qalacaq arvadının xətrinə satqınlıq etdiyini desə də, Kişinin cəhənnəmi xatırladan dünyada rahatlıq tapdığı tək yer, ürəyi istəyəni deyə bildiyi yeganə adam arvadıdır.
Nurəddin Mehdixanlı da Şeytan xislətli qonaq kimi maraqlıdır. Aktyorun nə vaxtsa xeyli səhnə plastikası tələb edən belə bir obrazı oynadığını deyə bilmərik. Yəqin elə bu səbəbdən aktyor Şeytan-Qonağın xislətini daha yaxşı açmaq üçün ağırlığı səhnə plastikasından daha çox səsinin və məxsusi tapdığı jestlərin üstünə köçürür.
* * *
Tamaşa boyu və tamaşanın seyrindən sonra cavabsız suallar adama rahatlıq vermir: görəsən, biz niyə görə o cəhənnəmdə yaşadıq? Axı, o cəhənnəmi biz özümüz yaratmamışdıq... Biz neyləməliyik ki, bir daha günahsız müqəssir kimi «Cəhənnəm sakinləri» olmayaq?
Gülcahan Mirməmməd