“Dilimiz nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar”
Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, dilçi alimlər, millət vəkilləri, KİV rəhbərləri iştirak edirdilər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bildirdi ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Çünki dil xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən və müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Dilimiz nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar.
Vurğulandı ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər bu baxımdan xüsusilə əlamətdar olub. Məhz onun prinsipial mövqeyi sayəsində, Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də ulu öndərin 2001-ci ilin 18 iyun tarixində imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman olub. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirildiyini deyən Əli Həsənov qeyd etdi ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemlərinin, texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, mənfi təsirlərə də məruz qoyur: “Bu hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli çıxış edərək bildirdi ki, Şura yarandığı ilk gündən ana dilimizin qorunmasını xüsusilə diqqət mərkəzində saxlayıb. Əsas narahatlıq doğuran məsələ adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd etdi ki, gündəlik həyatımızda dil normalarının, yalnız linqvistik qaydaların yox, “Dövlət dili haqqında” qanunun müxtəlif maddələrinin pozulması halları ilə tez-tez üzləşirik. Ənənəvi mediada dil pozuntularının elektron mediadan xeyli az olduğunu vurğulayan MŞ sədri qeyd etdi ki, ictimai rəyin formalaşmasında və informasiyaların cəmiyyətə çatdırılmasında elektron medianın rolu xüsusi nəzərə alınaraq, dil normalarının qorunmasına daha çox diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Konfransda akademiklər - Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları çıxış etdilər. Ölkə başçısının ədəbi dil məsələsinə daim diqqət yetirdiyi, bu istiqamətdə fərman və sərəncamlar imzaladığı xüsusi vurğulandı. Azərbaycan dilinin taleyi, mətbuatda işlədilməsi, cəmiyyət həyatında yeri ilə bağlı mühüm məqamlara toxunuldu.
Konfransa yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə faydalı fikirlərin səsləndiyini qeyd edərək, dövlətimizin ana dilinin saflığının qorunmasına xüsusi önəm verdiyini diqqətə çatdırdı.
Fariz Hüseynov