Ağasadıq Gəraybəyli - 120 
   
   Milli teatr və kino sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq artisti Ağasadıq Gəraybəyli hər iki sahədə bir-birindən maraqlı, yaddaqalan obrazlar qalereyası yaradıb. Sənətkarın adı və obrazlarından hər hansı biri örnək çəkiləndə mütləq üzlərdə təbəssüm yaranır. Çünki o, sənətə ruhunu verirdi. Aktyorun sevgiylə, minnətdarlıqla xatırlanmasının başlıca səbəbi də elə budur. 
   Bu il Ağasadıq Gəraybəylinin anadan olmasının 120 ili tamam olur. Prezident İlham Əliyev 12 iyul 2017-ci il tarixdə böyük aktyorun yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
   Ekranda və səhnədə həyat verdikləri obrazlarla yaddaşlarda yaşayan sənətkarlar cismən aramızdan getsələr də, bizlərə ərməğan etdikləri sənətləri ilə ölməzlik qazanıblar. Sözün əsl mənasında xalqın artisti olan Ağasadıq Gəraybəyli belə xoşbəxt sənət adamlarındandır.
   Görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev aktyor sənəti haqqında deyir: “Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist özünü unlayıb acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır”. 
   Ədibimizin bu qiymətli fikirlərindən sonra milli teatr və kinomuzun inkişafında xüsusi xidmətləri olan onlarla sənətkarımızın yaratdıqları obrazlar gözlərimiz önündə canlanır...
   
   Ömrün illəri və unudulmaz obrazlar
   
   Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda anadan olub. Onun bəy nəslindən olaraq aktyorluq sənətini seçməsi haqqında çox fikirlər yazılıb, deyilib. Sənət eşqi onu hələ gənc yaşlarından səhnəyə gətirmişdi. Çünki Ağasadığın jest və mimikalarla ovqatı göstərmək bacarığı ideal idi. 
   O, 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxır. 1916-cı ildə Politexnik məktəbində oxuduğu vaxt görkəmli dramaturq Cəfər Cabbarlı ilə tanış olur. Bu tanışlıq gənc aktyorun gələcək fəaliyyətində, sənət uğurlarında önəmli rol oynayır. Ağasadıq Gəraybəyli professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında gəlir və 1932-ci ilə kimi burada çalışır. Sonra yaradıcılıq yolunu Akademik Dram Teatrında davam etdirir.
   Aktyor kino sənətinə də 20-ci illərdən gəlib. İlk dəfə "Qız qalası" səssiz filmində epizodik obraz (Əyan) yaradır. Sonra "Hacı Qara" filmində Əsgər bəy, "Sevil"də Balaş rolu ona həvalə olunur. İzzət Orucovanın Sevili, Ağasadıq Gəraybəylinin Balaş və Mustafa Mərdanovun Atakişi rolları o qədər güclü təəssürat oyadır ki, bu səssiz filmin səsləndirilməsinə heç bir ehtiyac duyulmur.
   Milli teatrımızın klassiklərindən, fədailərindən olan sənətkarın səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. Aktyor 70 illik dövrü əhatə edən yaradıcılığı boyu 200-dən artıq müxtəlif rolda səhnəyə çıxıb. Bu rolların hər biri öz koloriti, məzmunu ilə seçilib. Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəylinin "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", Səməd Vurğunun "Vaqif", “Xanlar" və s. O, təkcə rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmazdı, əsərin mahiyyətini, müəllifin qayəsini, hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışırdı. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. 
   
   Xatirələr işığında
   
   Müasirləri və tamaşaçıları onun yüksək aktyorluq məharətini, çoxlarına örnək olan ömür yolunu heyrət və minnətdarlıqla xatırlayırlar. Böyük aktyordan söz düşəndə hər kəs onun ifaçılıq məharəti ilə şəxsiyyəti arasında möhkəm bir uyğunluğun olduğunu bildirir. Bu da, təbii ki, sənətkarın sevilməsində başlıca amildir. 
   Xalq şairi Səməd Vurğun onun aktyorluq qüdrəti haqqında yazıb: "Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli rejissor Mehdi Məmmədov deyirdi: "Aktyorluq onun alın yazısı idi. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündənrazı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". 
   Unudulmaz sənətkar, istedadlı aktyor haqqında xoş xatirələr çoxdur. 
   “Bəxtiyar” filmindəki Ağabalanı, “O olmasın bu olsun” filmindəki Rüstəm bəyi kim xatırlamır... Aktyor Rüstəm bəy obrazını olduqca inandırıcı yaradıb. Tanınmış teatr və kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd edirdi ki, "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı". 
   Dahi Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı kimi nəhəng şəxsiyyətlərin müasiri olması Ağasadıq Gəraybəylinin ən böyük xoşbəxtliyi idi. O, sənətə həm də Üzeyir bəyin xeyir-duası ilə gəlmişdi. Gənclik dostu Cəfər Cabbarlının pyeslərində yaratdığı zəngin obrazlar silsiləsi isə aktyorun əsl sənət sevinclərinə çevrilir. O, dramaturqun əksər pyeslərinin səhnə həllinin iştirakçısı olmuş, hətta bəzi əsərlərdə bir neçə rolda səhnəyə çıxmışdır. Aktyor özü bu barədə deyirdi: “Cəfərlə həmyaş olduğumuz kimi səhnəyə də birgə gəldik. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxumuşduq. Səhnəyə mən bir aktyor, o isə dramaturq kimi gəldi. Cəfərin gəlişi teatrın repertuarına zənginlik gətirdi. Hər dəfə əsər gətirəndə teatrda bayram olurdu. Bir neçəsini çıxmaq şərti ilə bütün pyeslərində çıxış etmişəm. Mənim bir aktyor kimi yetişməyimə Cəfər və onun əsərləri səbəb olmuşdur. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim”.
   Sevilən aktyor daha çox komik səhnə obrazlarının mahir yaradıcısı kimi şöhrət qazanmışdı. Özünün komik istedadını bütün ifadə vasitələrindən istifadə etməklə o qədər bacarıqla çatdırırdı ki, tamaşaçı bu yumora biganə qala bilmirdi. Yaratdığı obrazın daxili dünyasını məharətlə açır, müəllifin ideyası baxımından da ustalıqla təqdim edə bilirdi. Görkəmli dramaturq Sabit Rəhmanın uzun müddət səhnədən düşməyən və böyük tamaşaçı sevgisi qazanan “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” və s. əsərlərində yaratdığı komik obrazlar buna sübutdur. Görkəmli rejissor Tofiq Kazımov 1958-ci ildə yazırdı: "Gəraybəyli yüzlərlə obraz yaratmış bir sənətkardır. Cəsarətlə demək olar ki, Gəraybəyli qədər çox rol oynayan ikinci bir aktyora Dram Teatrında çətin rast gəlmək olar".
   Aktyorun sonralar çəkildiyi “Ulduzlar sönmür”, “Leyli və Məcnun”, “Fətəli xan”, “Poçt qutusu”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Bizim küçənin oğlanları” filmləri kino tariximizin qızıl fonduna daxil edilib. Onun ən yaddaqalan obrazlarından biri "Bəxtiyar" filmində klub müdiri Ağabaladır. O, bu mənfi (daha çox komik) obrazı elə məharətlə canlandırıb ki, hətta həmin filmdə işlətdiyi əksər ifadələr sonradan tamaşaçıların dilinin əzbərinə çevrilib. 
   Sənətkarın səhnədə sonuncu rolu Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində Qoca Knyaz obrazıdır. Aktyorun qızı Zemfira xanım xatirələrində deyirdi: “Çox adam bilmirdi ki, o, sonuncu obrazı olan "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi. Çətini teatra qədəm qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır, harada pillələr olduğunu da bilirdi... Bu, atamın sənətə bağlılığı idi. O, əsl sənət fədaisi idi”. 
   * * *
   Böyük sənətdə silinməz izlər qoyan qüdrətli aktyor 1988-ci ildə vəfat edib. Həyatın, zamanın bütün sınaqlarından üzüağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı Ağasadıq Gəraybəyli Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.
   
   P.S. Mənim üçün çox da uzaq olmayan keçmişdə televiziya ekranlarından izlədiyim, tamaşalarına sevə-sevə getdiyim, həm də mütəmadi olaraq rastlaşıb salamlaşdığım bir insan idi Ağasadıq Gəraybəyli. Nə qədər deyib-gülən, səmimi insan olsa da, nədənsə hər dəfə salamlaşıb keçər, onunla kəlmə kəsməyə cürət etməzdim. Hərdən bu böyük sənətkarla ünsiyyətdən qaçdığıma görə peşmanlıq hissi də yaşayıram...
   
   Lalə Azəri