Sənədli film Rusiyada festivalda iştirak edəcək
Oktyabrın 1-dən 5-dək Yekaterinburq şəhərində XXII “Rusiya“ Açıq sənədli filmlər festivalı keçiriləcək. Festivalda Azərbaycan da təmsil olunacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, festivalda ölkəmizi Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin “Qəlbi ilə çəkən rəssam” sənədli filmi təmsil edəcək.
“Yaddaş” studiyasında çəkilmiş film dünya şöhrətli azərbaycanlı rəssam, Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahova həsr olunub. Filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
“Rusiya” festivalı RF Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1988-ci ildən keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.