Qırğızıstanın paytaxtı Bişkekdəki Qasıməli Bayalinov adına Uşaq və Gənclər Kitabxanası keçmiş SSRİ məkanında ən böyük kitab fondu olan ixtisaslaşmış kitabxanalardan biridir.
   1962-ci ildə açılan və rus filosofu Nikolay Çernışevskinin adı verilən kitabxana Qırğızıstan müstəqillik qazandıqdan sonra məşhur qırğız uşaq yazıçısı Qasıməli Bayalinovun adını daşıyır. 14 bölmədən ibarət olan bu kitabxananın fondunda 1 milyona yaxın kitab var. 
   Kitabxananın xarici əlaqələr şöbəsinin müdiri Mədinə Sıdıqova deyir: “Kitabxanamıza hər il təxminən 30 minə yaxın uşaq üzv olur. Oxucular artdıqca biz də yeni kitablar alırıq. Bu məsələdə aidiyyəti hökumət qurumlarımızla yanaşı, müxtəlif beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik. Yeni-yeni layihələr üzərində çalışırıq. Hazırda başladığımız layihələrdən biri kitabxanamızda kukla teatrı yaratmaqdır”.
   Gündə orta hesabla 150 nəfərin ziyarət etdiyi kitabxanadan il ərzində məktəblilər tərəfindən yarım milyona yaxın kitab oxunmaq üçün götürülür. Kitabxana əlil oxucular üçün evlərə kitab xidməti də təşkil edir. 
   
   Rafiq Vəliyev