“Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir”.
Prezident İlham Əliyev bu sözləri oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.
Qeyd edək ki, MDB liderlərinin budəfəki toplantısı əsasən humanitar əməkdaşlıq, mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsi, iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində əlaqələrin inkişafı məsələlərinə həsr olunub.
Azərbaycan Prezidenti çıxışında əsasən humanitar xarakterli məsələlərə toxunub.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda vacib rol oynayır: “Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib. Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Həmçinin ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi artıq özünü tanıdıb”.
Prezident vurğulayıb ki, indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar: “Bu Oyunlar həm də mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir”.
Dövlət başçısı MDB məkanında turizm sahəsində əməkdaşlığın vacibliyini də vurğulayıb: “Turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir”.
İclasda çıxış edən Rusiya Prezidenti Vladimir Putin də MDB məkanında iqtisadi sahədə əməkdaşlığın genişləndiyini bildirib, bu ilin əvvəlindən qarşılıqlı ticarət dövriyyəsinin 25 faiz artdığını qeyd edib. İclasın sonunda ümumilikdə qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.