İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Türkiyə kinematoqrafçılarının birgə layihəsi olan “Qaranlıqlar çiçəyi” adlı yeni teleserialın çəkilişləri başlanıb. Teleserialın əsas mövzusu eşq və intiqamdır.
Uşaq vaxtı atasının xaincəsinə öldürülməsinin şahidi olan Lalə adlı qızcığaz hüquqşünas olub intiqam almaq fikrinə düşür. O, atasının qatili sandığı adamı sevir. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.
Filmin rejissoru Mehmet Ulukan, operatoru Bülent Özerdir.
Filmdə Azərbaycandan Rasim Balayev, Abbas Qəhrəman, Səfurə Əlizadə və başqaları rol alıblar. Türkiyə tərəfdən isə “Kurtlar vadisi pusu”da məşhur İsgəndər Böyük rolunun ifaçısı Musa Uzunlar ilə birlikdə Osman Albayrak, Mustafa Üstündağ və digər aktyorlar iştirak edirlər.