Dekabrın 1-də Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələrinə və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş “Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri” mövzusunda Ümumrusiya elmi-praktik konfransı keçiriləcək.
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının Xalq artisti Mariya Leonova tərəfindən konfransa dəvət olunub. BXA-dan bildirilib ki, professor T.Əfəndiyev həm də bu mötəbər tədbirin təşkilat komitəsində yer alacaq.
Dəvəti qəbul edən Timuçin Əfəndiyev konfransın nəinki akademiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə, eləcə də 90 illik sənət və təhsil ənənələrinə malik BXA-nın beynəlxalq əlaqələrinə, tədris ocağının imkanları barədə məlumatın geniş ictimaiyyətə çatdırılmasına vəsilə olacağına əminliyini bildirib.
Konfransda xoreoqrafiya təhsili, tədrisin metodikası və təcrübə mübadiləsi ilə yanaşı, sənətşünaslıq sahəsində xoreoqrafiya ilə əlaqəli müxtəlif elm, fənn və təhsil proqramlarının aktual məsələləri müzakirə olunacaq.
Konfrans çərçivəsində BXA-nın “Sənət Akademiyası” elmi jurnalının Rusiya elm və sənət ictimaiyyətinə təqdim edilməsi də nəzərdə tutulub.