Amerika və dünya kinematoqrafiyasında kəskin süjetli filmlərin müəllifi kimi tanınan Brayan de Palmanın 71 yaşı tamam olur. Onun çəkdiyi “Çapıq üz”, “Çətin tapşırıq”, “Toxunulmazlar”, “İlanın gözü” və digər filmlər dünya kinosunun incilərindəndir. Bu filmlər ona və yaradıcı heyətə milyonlarla dollar qazanc gətirib.
   
   Brayan de Palma 1940-cı il sentyabrın 11-də anadan olub. Orta məktəbdə oxuyarkən fizika fənninə maraq göstərsə də, taleyini incəsənətə bağlayıb, Kolumbiya Universitetinin incəsənət fakültəsində təhsil alıb. Tələbə ikən bir neçə qısametrajlı filmə quruluş verib. “Toy şənliyi”, “Salamlaşma” filmləri onu kino aləmində tanıdıb. Bu filmlərdə o vaxtlar hələ az tanınan, gələcək Hollivud ulduzu Robert de Niro çəkilib.
   ABŞ-da “Yeni Hollivud dalğası”nın nümayəndələrindən sayılan rejissoru məşhur edən, Stiven Kinqin romanı əsasında 1976-cı ildə ekranlaşdırdığı “Kerri“ filmi olur. Film böyük uğur qazanır. Bundan sonra Brayan de Palma 1983-cü ildə baş rolda görkəmli aktyor Al Paçinonun çəkildiyi “Çapıq üz“ filmini lentə alır. Film üç nominasiyada “Qızıl Qlobus“ mükafatına layiq görülüb.
   Brayan de Palma rəqəmsal formatda film çəkən ilk rejissorlardandır. Son ekran əsərlərindən olan “Nəzarətsiz” filmi məhz bu formatda lentə alınıb. Ekran əsəri ABŞ-ın İraqa müdaxiləsindən və orada baş verən hadisələrdən bəhs edir. Rejissor müsahibələrindən birində deyir ki, bu filmi çəkməyə onu Vyetnam müharibəsi və onun nəticələri sövq edib. Filmi digərlərindən fərqləndirən cəhətlərdən biri burada internet saytlarından, Youtube-dən götürülmüş xeyli sayda sənədli materialların olmasıdır. Film Venesiya kinofestivalında ən yaxşı rejissor işinə görə “Gümüş şir” mükafatına layiq görülüb. Qeyd edək ki, film ekranlara çıxdıqdan sonra geniş rezonans doğurub və ona münasibət heç də birmənalı deyil. Filmi bəyənənlər də, tənqid edənlər də yetərincədir.
   
   Çingiz