“Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, eyni zamanda bir sıra ölkələrin vətəndaşları üçün viza verilməsinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının ildən-ilə artmasına səbəb olub”.
Bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Son illər ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində sistemli işlərin görüldüyünü qeyd edən nazir bildirib ki, həyata keçirilən layihələr sayəsində paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionları da müasirləşib, gözəlləşib. Yaradılan şərait, o cümlədən təhlükəsizlik, müasir turizm sənayesi və xidmət səviyyəsinin yüksəldilməsi xarici turistlərin ölkəmizə marağının daha da artmasına müsbət təsir edir. Bunun nəticəsidir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayında 24 faizə qədər artım qeydə alınıb. Bu artımda Rusiyadan gələn turistlər xüsusi yer tutur.
Qeyd olunub ki, ölkəmizdə dünyada tanınan bir sıra brend hotellər fəaliyyət göstərir. Bunlarla yanaşı, Bakıda və regionlarda 2 və 3 ulduzlu hotellərin inşası istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycanda mövcud olan sağlamlıq turizmi imkanları, xüsusilə də Naftalan nefti və Naxçıvanda duz mağaraları öz unikallığı ilə seçilir. Naftalan nefti ilə müalicədən MDB ölkələri, o cümlədən Rusiya və Qazaxıstan vətəndaşları daha çox istifadə edir.
Turizmin inkişafının ölkənin bütün bölgələrini əhatə etdiyini deyən nazir bildirib ki, Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi müasir dağ-xizək kompleksləri qış turizminin inkişafına mühüm töhfələr verir.
O da vurğulanıb ki, Rusiyanın “TurStat” analitik agentliyi tərəfindən MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısında Şahdağ Turizm Mərkəzi ilk üçlükdə yer alıb.
Əbülfəs Qarayev müsahibəsində ölkəmizdə keçirilən II Bakı Şopinq Festivalı haqqında da geniş məlumat verib. Bildirib ki, oktyabrın 15-dən noyabrın 15-dək davam edəcək Ticarət festivalında xarici turistlərlə yanaşı, yerli vətəndaşlar da yararlana biləcəklər. Budəfəki festivalda 400-dən artıq ticarət obyekti iştirak edir. Festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzlərində xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçirilir. Festival çərçivəsində turizm agentliklərinə təklif olunan xüsusi turist paketlərinə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxil edilib.