Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və şuranın İdarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının oktyabrın 11-dən 13-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən illik toplantısında iştirak edib.
Şuradan verilən məlumata görə, toplantıda Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ötən bir ildə fəaliyyəti barədə çıxış edib. Bildirib ki, şuranın qərar və rəylərində “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın müvafiq prinsipləri əsas götürülür. O, elektron medianın fəaliyyətindən narazıların çoxalmasını xarakterik hal kimi önə çəkərək MŞ-nin mövcud xüsusda fəaliyyətinin spesifik məqamlarını diqqətə çatdırıb, eləcə də beynəlxalq təcrübədə rast gəlinən konkret cəhətlərin oxşar və müqayisəli təhlilini verib.
Şuranın İdarə heyətinin üzvü Yadigar Məmmədli çıxışında sosial şəbəkələrdə etik normaların pozulması ilə bağlı ayrı-ayrı məqamlardan söz açıb. Bu mövzuda müzakirələrdə sosial şəbəkələrdə saxta profillərin şəxsi həyatın toxunulmazlığı prinsipinə təsiri məsələlərinə geniş yer verilib.