Beynəlxalq simpoziumun ikinci seminarı bu mövzuya həsr olunmuşdu
Oktyabrın 19-da Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium çərçivəsində “Bərpa və qoruma” mövzusunda ikinci seminar keçirildi.
İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) Akademik Komitəsinin həmsədri Toğrul Əfəndiyevin aparıcı olduğu seminarda əvvəlcə Şərq xalçaları üzrə müstəqil alim Stefan İoneski çıxış etdi. O, Transilvaniyadakı Anadolu xalçalarının öyrənilməsi, tədqiqi və qorunması mövzusunda məruzəsini diqqətə çatdırdı, xalçaların reproduksiyası və dizaynı məsələləri ilə bağlı ideyalarını bölüşdü.
Sonra müstəqil ekspert Andrea Pacciani xalçaların elementləri və xalçaların dekorasiyalara uyğunlaşması mövzusunda çıxış etdi.
ABŞ-ın Metropolitan İncəsənət Muzeyinin əməkdaşı Yael Rozenfild xalçaların saxlanması və qorunması, mühafizəsi və restavrasiyası barədə məruzə etdi. O, Avropa mənşəli xalçalarla Şərq xalçalarının fərqli cəhətləri, onların qorunmasında yeniliklərin tətbiqi barədə mülahizələrini bölüşdü, xalçaların orijinal effektinin qorunması üçün hansı yeni texnologiya və üsullardan istifadə edilməsi qaydalarını diqqətə çatdırdı.
Seminarda Berlin İslam İncəsənəti Muzeyinin rəhbəri Anna Beselin, “Azərxalça” ASC-nin xalçaçı-rəssamı Afaq Əliyeva, Mərmərə Universitetinin (Türkiyə) professoru Rəcəb Karadağ, Azərbaycan Xalça Muzeyinin əməkdaşı Dürdanə Qədirova xalçaların və dekorativ-tətbiqi sənət nümunələrinin bərpası və mühafizəsi, xalça rəssamlığında dizayn işi, xalça tekstilində emalatxanaların texniki təchizatı, boyama texnologiyalarında yeni innovasiyalar, bərpanın müasir modelləri mövzusunda məruzələrlə çıxış etdilər.
L.Azəri