Bolqarıstan səfiri ilə görüşdə bu barədə fikir mübadiləsi aparılıb
Oktyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri Maya Hristova ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulanıb.
Həmçinin Bolqarıstan Prezidenti Rumen Radevin bu günlərdə Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün nəticəsi olaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarının icrasına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, dövlət başçılarının danışıqlarında Azərbaycan və Bolqarıstan arasında aviareysin açılmasının vacibliyi vurğulanmışdı.
Nazirlə səfirin görüşündə 2018-ci ilin 16 yanvar tarixindən etibarən Bakıdan Sofiya şəhərinə birbaşa reyslərin açılacağını nəzərə alaraq, Azərbaycanın Bolqarıstanda və Bolqarıstanın turizm potensialının Azərbaycanda təbliği məqsədilə fəaliyyətin genişləndirilməsi müzakirə olunub.
Əbülfəs Qarayev bu istiqamətdə Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin Turizm Nazirliyi ilə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib.