Oktyabrın 19-da Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium işini sessiya və seminarlarla davam etdirdi. 
   «Xalça qrupları və atributları» mövzulu sessiyada iki çıxış dinlənildi. Əvvəlcə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünas Kübra Əliyeva çıxış etdi. Ömrünü milli toxuculuq sənətinin, xüsusilə də xalçaçılığın araşdırılmasına həsr etmiş Kübra xanım bu dəfə «Azərbaycanda yaşayan ləzgilərin toxuduğu xalçaların bədii orijinallığı» mövzusunda məruzə etdi. Bildirdi ki, belə mötəbər beynəlxalq elmi məclisdə Azərbaycan ləzgilərinin xalçaçılıq ənənələri barədə məruzənin dinlənilməsi ölkəmizdə azsaylı xalqların mədəni ənənələrinin yaşadılmasına diqqətin sübutdur. Azərbaycanda yaşayan ləzgilərin toxuduqları xalçalar çeşni və naxış baxımından təsir göstərməklə yanaşı, Dağıstan ləzgilərinin xalçalarından bir qədər fərqləndiyini deyən alim bu xüsusda ətraflı danışdı.
   Şərq xalçalarının satışı və öyrənilməsi ilə məşhurlaşmış sənətşünas-tacir L.Kelatinin oğlu Devid Kelati (London, Böyük Britaniya) «XVIII əsrə və daha əvvəlki dövrlərə aid tarixi xalçaların və dəyərli təsviri sənət nümunələrinin - Azərbaycan xalçalarının dünya muzeylərinə çıxarılması» mövzusunda məruzə etdi. Devid Kelatinin məruzəsi daha çox kolleksiyaçılar üçün maraqlı olub, statistik məlumatlar ilə zəngin idisə, fasilədən sonra başlayacaq «Azərbaycan naxışları» sessiyasındakı çıxışlar sırf tədqiqat xarakterli idi. 
   Xalça Muzeyinin direktoru Şirin Məlikovanın moderator olduğu sessiyada bütün məruzələr Azərbaycan xalçaçılıq və toxucu sənətinə dair incə araşdırmalara həsr olunmuşdu. 
   Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin (London, Böyük Britaniya) professoru Robert Çensiner «Qərbi Xəzər naxışı» adlı məruzəsində demək olar ki, bütün dünya muzey və şəxsi kolleksiyalarına səpələnmiş Azərbaycan (Xəzərin qərb sahili) xalça naxışlarının iziylə apardığı müşahidələrini, bizim milli xalça çeşnilərinin İran, Kirman, Herat xalçalarında işlədildiyini elmi faktlarla sübuta yetirdi. 
   «Qədim Azərbaycanda Səfəvi üslubunda ipək tikmə» adlı məruzə ilə çıxış edən İslam İncəsənəti Muzeyinin elmi əməkdaşı Maykl Frensis hətta ipək tikmə sənətinin Azərbaycanın tarixi-etnoqrafik ərazisi üzrə bölgüsünü apardı, hər bölgəyə xas xırda detalları belə incələdi. 
   Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın İdarə Heyətinin üzvü Alberto Boralevinin (Florensiya, İtaliya) «Florensiyada Pittinin sarayında ecazkar stolüstü xalça: ən qədim Azərbaycan güləbətini» məruzəsində bir zamanlar bizlərdə çox geniş yayılmış güləbətin (qızıl sapla tikmə) tikmə sənəti nümunələrinin Avropanın orta çağ rəssamlarının əsərlərindəki təsvirlərdə yer almasına dair müşahidələrini paylaşdı. 
   Yaponiyalı tədqiqatçı, xalçaçılıq sənətinə marağına görə on ildən bəri Türkiyədə yaşayan Sumiyo Okumura isə maraqlı bir mövzunu araşdırmışdı: «İslam miniatürlərində yəhər altlıqları: Məhəmməd peyğəmbərin gecə meracı və cənnəti görməsini əks etdirən rəsmlər». 
   Türkiyədə yaşayan və Atatürk Universitetində (Ərzurum) çalışan Validə Paşayeva isə öz məruzəsini «Ümumi təkrarlanan naxışlarla Azərbaycan tikişi» üsuluna, xalça və tikmələrlə təkrarlanan naxış və ornamentlərin təkrarlanma ölçülərinə həsr etmişdi. 
   
   “Kolleksiyalar və toplama” - simpoziumun ilk seminarı 
   
   Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium oktyabrın 19-da günün ikinci yarısında seminarlarla davam etdi. Panelin birinci seminarı “Kolleksiyalar və toplama” mövzusuna həsr olunmuşdu. 
   Seminarın ilk məruzəçisi, Polşa Dünya İncəsənəti Studiyasının direktoru Beata Bidronskaya-Slota “Polşa xalçaları kimi tanınan İran xalçaları” adlı məruzə ilə çıxış etdi. Bu xalçaların XVI əsrdən etibarən İran və Türkiyədən gələn tacirlərdən alındığını, eləcə də səyyahlar tərəfindən aparıldığını deyən məruzəçi bildirdi ki, polşalıları Qafqaza aid və ümumilikdə islam mədəniyyətinə aid olan bu nümunələr çox maraqlandırırdı. Bu gün isə Polşa muzeylərindəki xalça nümunələrinin əksəriyyəti məhz Azərbaycan xalçalarıdır. Krakov Dövlət Muzeyində qorunan 65 xalça nümunəsinin 30-u Azərbaycana məxsusdur. Tanınmış polyak kolleksiyaçı Jerzy Kulezyckenin xalça eksponatlarından söz açan məruzəçi bu xalçaların da əksərinin Azərbaycana aid olduğunu vurğuladı. Dedi ki, Varşavanın “Kral qəsr” muzeyində, Tatra muzeyində Şirvan, Quba, Bakı məktəbinə aid xalçalara rast gəlmək olar. 
   Rusiyanın Şərq İncəsənəti Muzeyinin direktoru Yekaterina Yermakova məruzəsində “Mərcanı Fondu”nun eksponatlarından söz açdı. Bildirdi ki, kolleksiyada 150 nümunə var. Onlardan 11-i Azərbaycan xalçaçılığına məxsusdur. Fondda həmçinin Osmanlı imperiyasına aid xalça və naxışlar da ziyarətçilərin diqqətini çəkir. 
   Hindistanlı mütəxəssis Ali Nasir ölkəsindəki kolleksiyaçılarda qorunan Azərbaycan xalçaları haqqında məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Bangalor bölgəsində Dani Mehri adlı şəxsin zəngin kolleksiyasında 300-dən artıq Azərbaycan xalçası var. Hindistanda tekstil sahəsi üzrə araşdırma mərkəzi yaratdığını vurğulayan A.Nasir müxtəlif bölgələrdən daxil olan kolleksiyaların elmi tərəfdən öyrənilməsinə başlandığını bildirdi. 
   Moskvada yaşayan kolleksiyaçı Aydın Cəbrayılov məruzəsində Quba qrupuna aid qədim minarə nümunəli xalçalardan söz açdı. O, Azərbaycan xalçalarında kosmopolit nümunələri və kufi dəst-xətti ilə bağlı düşüncələrini mütəxəssislərlə bölüşərək elmi tədqiqat baxımından maraqlı araşdırmalara ehtiyac olduğunu diqqətə çatdırdı. 
   Seminarda qonaq qismində iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova belə bir beynəlxalq simpoziumun keçirilməsində göstərdiyi dəstəyə görə ölkə başçısına təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan xalçaları hər zaman humanizmi təbliğ edib: “Bizim xalça nümunələrimiz təkcə Şimali Azərbaycanla yekunlaşmır. Cənubda yaşayan soydaşlarımızın milli düşüncəsi xalçalarda əksini tapıb”. 
   Sonra Elmira Süleymanova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Milli adət və ənənələrimizi öz evimizdən qoruyaraq” çağırışına qoşularaq ailəsinə məxsus qədim tirmə şal və tikmə nümunələrini Milli İncəsənət Muzeyinə hədiyyə etdi. Muzeyin şöbə müdiri hədiyyəyə görə ona təşəkkürünü bildirdi. 
   Seminarın sonunda gənc kolleksiyaçılar Fuad Cəbrayılov və Ruslan Hüseynov öz kolleksiyaları haqqında məlumat verdilər. Bildirdilər ki, kolleksiyada 3500-dən artıq nümunə saxlanılır. Ən qədim nümunələr Səfəvi dövrünə aid kəmxan və bahari geyim növləridir. 
   
   Gülcahan
   Lalə