Xalça simpoziumu çərçivəsində sərgilər açılıb
   
   Oktyabrın 18-də Xalça Muzeyində Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” və “Uçan xalça” adlı sərgilərin açılış mərasimi keçirildi.
   Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərgilərin əhəmiyyətindən danışdı. Bildirdi ki, "Uçan xalça" adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi, Dövlət Rəssamlıq Akademiyası və Vyana Tətbiqi Sənət Universitetinin təşkilatçılığı ilə ərsəyə gəlib. Sərginin sponsorları Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir. 
   Vurğulandı ki, "Uçan xalça" sərgisi “Kəsişmə nöqtəsi” (“Crossing”) layihəsinin yekun hissəsidir. Layihənin məqsədi Azərbaycan və Avstriyanın müasir incəsənət sahəsində əlaqələr yaratmaq, xalqların mədəniyyətlərarası dialoq və təcrübə mübadiləsini möhkəmləndirməkdir. Avstriya tərəfindən layihənin art-məsləhətçisi rəssam, Vyana Tətbiqi Sənət Universitetinin müəllimi Barbara Qrafdır. 
   Muzeyin direktoru qeyd etdi ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Fərəc Yusubov, Əsmər Yusubova, Firəngiz Məcidzadə, Ləman Hətəmli və Könül Cavadova Avstriya paytaxtına, Vyana Tətbiqi Sənət Universitetinin tələbələri Afra Kirxdorfer, Anka Qaya Nidzqorska və Eva-Mariya Şerl isə Bakıya dəvət olunub. Xalçaçı-rəssamlar qarşılıqlı olaraq ölkələrimizin mədəniyyəti ilə tanış olmaqla V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun “Ənənələr və innovasiyalar” devizinə uyğun olaraq sərginin konsepsiyası üzərində birgə çalışıblar. Onların eksperimentləri üçün XIX əsrə aid qismən qorunub saxlanılan sumax xalçası əsas olub. Bildirildi ki, sərgi çərçivəsində maraqlananlar üçün tekstil dekoru üzrə ustad dərsləri də təşkil ediləcək.
   Şirin Məlikova "Müasir incəsənət xalçalarda" sərgisi barədə də danışaraq qeyd etdi ki, bu sərgidə dörd gənc rəssamın beş əsəri təqdim olunur. Sərgi vasitəsilə hər bir rəssam xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir.
   Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan xalçalarının incəsənətimizin inkişafına göstərdiyi böyük təsirdən danışdı. Qeyd etdi ki, çağımızda xalça sənətinin inkişafında bir sıra rəssamların da böyük əməyi olub.
   Sonra qonaqlar “Müasir incəsənət xalçalarda” və “Uçan xalça” sərgiləri ilə tanış oldular.
   
   Fariz