Oktyabrın 13-14-də Özbəkistanın Səmərqənd şəhərində TİKA, Hacı Bektaş Vəli Kültür Dərnəyi, Səmərqənd Dövlət Universiteti, Muğla Sıtkı Koçman Universiteti və Dünya Göz Akademiyasının birgə təşkilatçılığı ilə “Orta əsrlərdə Səmərqənd mədrəseyi-alilərinin İslam mədəniyyəti və təhsil sisteminin inkişafında rolu” mövzusunda beynəlxalq simpozium keçirilib. 
   Səmərqənd Dövlət Universitetinin 90, Uluqbəy Mədrəsəsinin 600 illiyinə həsr olunmuş tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da iştirak edib. 
   O, simpoziumda “Dərvişlərlə bağlı inancların iki fərqli istiqaməti” adlı məruzə ilə çıxış edib. Məruzədə xalq ədəbiyyatında dərvişlərə ikili - həm müsbət, həm də mənfi münasibətin izahı əksini tapıb. Qeyd olunub ki, nağıl və dastanlarda dərvişlərin həm xeyirxah, həm də bədxah qüvvəni təmsil etdiyinin şahidi oluruq. Real həyatda dərvişlər rəğbətlə qarşılandıqları kimi, təqib və təzyiqlərə də məruz qalıblar. Dərvişlərin xeyirxah və bədxah qütblərinə ayrılması şamanların ağ şaman və qara şaman qütblərinə ayrılması ilə səsləşir. 
   Akademik M.Kazımoğlu-İmanov həmçinin simpoziumun bölmə iclaslarından birinə sədrlik edib.
   
   S.Qaliboğlu