UNESCO-nun baş direktoru İrina Bokova 27 oktyabr - Dünya audiovizual irs günü münasibətilə ictimaiyyətə müraciət edib.
Müraciətdə audiovizual irsin qorumasının əhəmiyyətindən danışılır. Bildirilir ki, audiovizual irs görüntünün və səsin sayəsində keçmişlə tanış olub, gələcəyə baxmağa imkan yaradır. Audiovizual irs həm də cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də onu özünəməxsusluğun, innovasiya və yaradıcılığın mənbəyi kimi qorumaq və gələcək nəslə ötürmək lazımdır. Filmlərin, səsli materialların, radio və televiziya proqramların saxlandığı arxivlər çoxsaylı təhlükələrə, o cümlədən səliqəsiz saxlanma, texnologiyanın köhnəlməsi və digər təsirlərə məruz qalır. Bu səbəbdən də UNESCO audiovizual irsi ümumi gücün mənbəyi kimi qorumaq məqsədilə dünya ölkələrinin hökumətləri ilə əməkdaşlıq edir.
Dünya audiovizual irs günü (World Day for Audiovisual Heritage) 2005-ci ildə UNESCO tərəfindən cəmiyyətdə səsli və audiovizual sənədlərin (filmlər, səs və videoyazıları, radio və televiziya proqramları) qorunmasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə təsis edilib.