Daşkənddə Azərbaycan xalçalarının daimi sərgi zalı açılıb
Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” adlı xalça sərgi zalı açılıb.
Mərasim iştirakçıları öncə mərkəzin foyesində Azərbaycan xalçaları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini əks etdirən xüsusi kompozisiya ilə tanış olublar.
Sonra Azərbaycan xalçaları mövzusunda məruzələr təqdim olunub.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov məruzəsində xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü nümayiş etdirdiyini və qədim xalçalarımız barədə ilk məlumatların hələ antik yunan tarixçilərinin əsərlərində yer aldığını diqqətə çatdırıb. 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayan məruzəçi bu sənətə dövlət qayğısından, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs edib.
Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova, Özbəkistan MEA Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycanın vizit kartına çevrildiyini qeyd ediblər.
Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə xalçalarımızın rəngarəngliyi, özünəməxsusluğu barədə danışıb, “Azərbaycan xalçaları” sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.
Sərgi zalının açılış lenti kəsildikdən sonra tədbir iştirakçıları ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalarla tanış olublar. Zalda 20-dək xalça, eləcə də bu sənətdən bəhs edən kitablar, xalça toxumaq üçün kiçik hana (dəzgah) sərgilənir. Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupunun ifasında Azərbaycan və özbək mahnıları səslənib, Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” ansamblı milli rəqslərimizi ifa edib.