Xəbər verdiyimiz kimi, 15-18 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. Festivalın münsiflər heyəti üzvlərinin adları açıqlanıb.
   Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq jüri tərəfindən qiymətləndiriləcək. 
   Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Jüriyə Can Saracoğlu rəhbərlik edəcək. 
   Qeyd edək ki, festivalın keçirilməsində məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub. 
   Festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Ümumilikdə 70 ölkədən 424 film festivalın seçim komissiyasına daxil olub. Komissiya göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib. Beləliklə, 43 ölkədən 84 film müsabiqəyə qəbul olunub.
   Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar.
   Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.
   
   Fariz Hüseynov