Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın məşqlərini izləyib
   
   Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub. Leyla Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər. 
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. Qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə diqqət və etimad göstərilir. Teatrın repertuarındakı bütün tamaşalarda əsas rollarda çıxış edən gənclər də bu etimadı doğrultmağa çalışırlar. Diqqətə çatdırılıb ki, “Balaca şahzadə” teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk müzikl olacaq.
   Tamaşanın məşq prosesindən razı qaldıqlarını söyləyən Leyla xanım və qonaqlar yaradıcı gənclərə qayğının vacibliyini vurğulayıblar. “Çox gözəl tamaşa alınacaq. Məşq olmasına baxmayaraq, aktyorların oyununa valeh oldum. Xüsusən gənclərin gözlərindəki yaradıcılıq eşqi məni heyran etdi. Mən sizin teatrda “O olmasın, bu olsun” tamaşasına baxmışdım. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, xüsusən kostyumlar valehedici idi. Hər dəfə bu tamaşanı xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, “Balaca şahzadə” tamaşası da uğurlu olacaq, bu, artıq indidən görünür. Musiqili Teatrın belə uğurlu işlərinə biz də sevinirik”, - deyə Leyla Əliyeva bildirib. O, tamaşanın iştirakçıları ilə fotoşəkil çəkdirib.
   Görüşdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov gənclərə öz tövsiyələrini bildirib, hazırlanan tamaşa haqqında təəssüratlarını bölüşüblər.
   Qeyd edək ki, beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-ı təmsil edən həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyası Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Məryəm Ələkbərli, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova məxsusdur. Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandırır. Digər rolları əməkdar artistlər Ələkbər Əliyev, Anton Ferştandt, Şövqi Hüseynov və başqaları ifa edirlər.