Azərbaycanlı rejissorun filmi beynəlxalq kinofestivalda nümayiş olunacaq
   
   Rejissor İlqar Safatın “Səma kökləri” sənədli filmi “Etnoqrafik kino günləri” III Beynəlxalq audiovizual antropologiya kinofestivalının proqramına daxil edilib. 
   “Nərimanfilm” kinostudiyasından bildiriblər ki, festival sentyabrın 24-dən 30-dək Moskva şəhərində keçiriləcək.
   “Etnoqrafik kino günləri” Beynəlxalq audiovizual antropologiya kinofestivalı Moskvada artıq üçüncü dəfədir təşkil olunur. Kinofestival Rusiya Kulturologiya İnstitutu ilə bu ölkədəki D.Lixaçev adına Rusiyanın Mədəni və Təbii İrsi Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı nəticəsində və həmçinin Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
   “Səma kökləri” - udegey şamanizmi haqqında sənədli filmdir. Filmdə şamanın ölmüş insanın ruhunu axirət dünyasına necə ötürməsi haqqında danışılır. Udegeylər Rusiyanın Uzaq Şərq bölgəsində yaşayan azsaylı xalqdır.