Dünya şöhrətli sənətkarın xatirəsi yad olunub
   
   Oktyabrın 25-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etdilər. Dünya şöhrətli musiqiçinin məzarına tər çiçəklər düzüldü, xatirəsi ehtiramla yad olundu. 
   Anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, musiqi mədəniyyətimizin böyük simalarından olan Müslüm Maqomayev bənzərsiz ifası ilə Azərbaycanı dünyanın bir çox nöqtələrində böyük məhəbbətlə təbliğ edib, sevdirib: “Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu il ölkəmizdə Müslüm Maqomayevin 75 illik yubileyi qeyd edilir. Onun yaradıcılığı sovet dönəmində və müstəqillik illərində hər zaman ulu öndər Heydər Əliyevin diqqətində olmuş, qayğı ilə əhatə olunmuşdur. Sənətkar Azərbaycanın ali mükafatlarına - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra Bakıda musiqi məktəblərindən birinə onun adı verildi, yaşadığı binaya xatirə lövhəsi vuruldu, Moskvada və paytaxtımızda abidəsi ucaldıldı”.
   Qeyd olundu ki, Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədovanın sinfini bitirən Müslüm Maqomayev gənc yaşlarından beynəlxalq festivalların laureatı olub, həm Azərbaycan bəstəkarlarının, həm də dünya musiqisinin incilərini möhtəşəm konsert zallarında məharətlə ifa edib: “Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma Müslüm Maqomayev öz səsi və yaradıcılığı ilə hər bir zaman qədirbilən xalqımızın yaddaşında yaşayacaq”.
   Nazir müavini onu da bildirdi ki, oktyabrın 28-də Heydər Əliyev Mərkəzində sənətkarın yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
   Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin böyük musiqiçinin Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi. Vurğulandı ki, onun şöhrəti və səmimiliyi ölümündən sonra belə bu münasibətlərə öz müsbət təsirini göstərməkdədir. Bu il bütün Rusiyada sənətkarın 75 illiyi ilə bağlı çeşidli tədbirlər keçirilir.
   Kinorejissor, Xalq artisti Eldar Quliyev uzun illər yaxın dostluq etdiyi Müslüm Maqomayevin əfsanəvi şöhrətindən söz açdı, musiqiçinin ölümündən bir neçə gün əvvəl yazdığı “Əlvida, Bakı” mahnısının tarixçəsi ilə bağlı xatirələrini dilə gətirdi.
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sənətkarın Bakıya sonsuz sevgisindən danışdı. Bildirdi ki, o bütün ömrü uzunu böyüyüb boya-başa çatdığı şəhərinə sadiq idi. Ömrünün son gününə kimi Bakıdakı dostlarına zəng edərək doğma şəhərini və dostlarını xəbər alardı.
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov Müslüm Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından bəhs etdi, onun həm ən çətin ariyaları, həm də lirik estrada mahnılarını ecazkarlıqla ifa etdiyini diqqətə çatdırdı. 
   
   Lalə