"Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır".
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalının saytına müsahibəsində bildirib.
Ölkənin turizm potensialının inkişafına toxunan diplomat qeyd edib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması görülən işlərin uğurlu nəticəsinə sübutdur. Diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir.
“Artıq ikinci Şopinq festivalının keçirilməsi ilk festivalın hədəfə çatdığını göstərir. Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək. Əminəm ki, yaxın günlərdə açılışı keçiriləcək Bakı-Tiflis-Qars dəmir yolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək", - deyə o vurğulayıb.