Son zamanlar sənət korifeylərimiz haqqında dövri mətbuatda məqalələr, eləcə də onların həyat və yaradıcılığından bəhs edən kitablar daha çox çap edilməkdədir. Sözsüz ki, müqtədir sənətkarlarımızı gənc nəslə tanıtmaq, onların sənət yollarına yenidən işıq salmaq böyük əhəmiyyətə malikdir. Fəlsəfə doktoru İmran Axundovun SSRİ xalq artistləri olan Ələsgər Ələkbərov, Hökümə Qurbanova və respublikanın Xalq artisti Barat Şəkinskaya haqqında kitabları ilə bu yaxınlarda tanış oldum. Hər üç nəşr Azərbaycan teatr sənətinin inkişaf yollarını göstərməklə yanaşı, həm də bu böyük sənət fədailərinin həyat və yaradıcılığına işıq salır, onların sənət məziyyətlərini bizlərə yenidən təqdim edir.
Bir aktyor kimi özünün ilk addımlarını 1924-cü ildə Əbilov adına klubda dram dərnəyindən atmağa başlayan Ələsgər Ələkbərovun yaradıcılıq yoluna nəzər salarkən müəllif onun bənzərsiz ifa tərzini çoxsaylı ştrixlərlə diqqətə çatdırır. Ələsgər Ələkbərovun yaratdığı hər bir obrazın daxilinə düzgün sirayət edərək, xarakteri bütün incəliyi ilə tamaşaçıya çatdıran əvəzsiz sənətkar olduğu vurğulanır. Aktyorun sənət məziyyətlərini təhlil edərkən İmran Axundov yazır: “Ələsgər Ələkbərov elə sənətkarlardandır ki, tamaşaçını inandıra bilir, həm də bu inam soyuq bir etiqad şəklində tamaşaçının fikrinə hopmur, coşqun hissiyyatın, ürəyi titrədən həyəcanların, iztirab və sevinclərin nəticəsi kimi meydana çıxır”.
Müəllif qeyd edir ki, görkəmli aktyor heç zaman ucuz şöhrət naminə yaradıcılığında bəsitliyə yol verməmişdir. O, hər zaman doğma səhnəyə sadiq qalaraq öz fəaliyyətini dövrünün tələbləri səviyyəsində geniş tamaşaçı auditoriyasına təqdim etməyi bacarmışdır.
Kitabın birinci fəsli sənətkarın həyatının 1910-1940-cı illərini əks etdirir. Ələsgər Ələkbərovun Teatr Texnikumunda təhsil aldığı müddətdə 1927-ci ilin sonlarından tələbə yoldaşları ilə birlikdə Bakı Türk İşçi Teatrında fəaliyyətə başlaması, 1929-1932-ci illərdə bu teatrın səhnəsində bir sıra maraqlı obrazlar qalereyası yaradaraq püxtələşməsi xüsusi qeyd edilir. Müəllif yeri gəldikcə Ələsgər Ələkbərov haqqında sənət dostlarının fikir və mülahizələrinə də istinad etməklə həmçinin Azərbaycan səhnə sənətinin tarixindən bəhs edir. Aktyorun teatr fəaliyyəti ilə yanaşı, 1927-1963-cü illər ərzində kino fəaliyyəti də geniş təhlil edilir, “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi filmlərdəki maraqlı obrazları diqqət mərkəzində saxlanılır.
* * *
İmran Axundov “Hökümə Qurbanova” monoqrafiyasında görkəmli aktrisanı Azərbaycan səhnəsinin ən nadir simalarından biri kimi təqdim edir. Hökümə Qurbanova kimi bir sənətkarın Azərbaycan səhnəsinə nisbətən gec gəlməsi, lakin tez parlaması, parlaq inkişaf yolu keçməsi, sənətin zirvələrinə sürətlə yüksəlməsi, onun həyat və yaradıcılığının səmərəli axtarışlar, gözəl tapıntılar, bədii nailiyyətlər yolu olduğu ətraflı şəkildə diqqətə çatdırılır. Aktrisanın Azərbaycan, rus və Avropa dramaturqlarının əsərlərində yaratmış olduğu müxtəlif zamanların mürəkkəb xarakterli qəhrəmanları dünya teatr tarixində yaradılan nadir obrazlar kimi dəyərləndirilir, konseptual şəkildə təhlil edilir. Aktrisanın həyatının 1943-cü ilədək dövrünü böyük axtarışlar dövrü adlandıran müəllif səhnədə atdığı ilk addımları yada salır, hələ çox gənc olmasına baxmayaraq, mürəkkəb rolların öhdəsindən məharətlə gəldiyini bildirir. Monoqrafiyada ən diqqətəlayiq cəhətlərdən biri peşəkar bir aktrisa kimi yetişən Hökümə Qurbanovanın rol üzərində necə işlədiyinin xüsusi detallarla incələnməsidir. Bu isə oxuculara aktrisanın sənəti ilə daha yaxından tanış olmaq imkanı qazandırır. Təsadüfi deyildir ki, böyük teatr pedaqoqu və əvəzsiz rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədov da bu sənət fədaisinin yaradıcılığına böyük qiymət verərək yazırdı: “Hökümə Qurbanova bədii və poetik xarakterlər yaratmağın, hər yeni rolda başqalaşmağın, yenidən təcəssüm tapmağın ustasıdır”.
Monoqrafiyada aktrisanın ifa etdiyi rollar barədə yığcam, lakin dolğun məlumat verilir. Hökümə Qurbanovanın səhnədəki uğurlarının bir səbəbi də onun təqdim etdiyi obrazın əsərdəki yerini və mövqeyini, bir fərd kimi daxili dünyasını yaxşı öyrənməsi ilə izah edilir. Müəllif 1945-ci il aprelin 28-də A.İsgəndərov və Ə.Şərifovun quruluşunda M.S.Ordubadinin “Dumanlı Təbriz” tarixi dramının tamaşaya qoyulması və Hökümə Qurbanovanın yaratdığı Zeynəb obrazının uğurlu səhnə taleyindən danışarkən yazır: “Zeynəb obrazı Hökümə Qurbanovanın müvəffəqiyyətlə yaratdığı rollar sırasına daxildir. Onun ifasında Zeynəb zəhmətkeş kütlə içərisindən çıxan inqilabçı, fədakar mücahid idi”.
Aktyor-rejissor münasibətləri bütün teatrlar üçün hər zaman ən aktual problemlərdən biridir. Kitabda aktrisanın səhnədə rejissorlarla birgə işləməyə üstünlük verməsi qeyd edilsə də, onun yeri gəldikcə hər bir rola və mizana öz əlavələrini etməkdən də çəkinməməsi sənətkarın yaradıcılıq aspektlərinin əsas qayəsi kimi dəyərləndirilir. Aktrisanın heç vaxt hazır şablonların, tamaşaçını yoran zahiri əlamətlərin əsiri olaraq qalmadığı, tamaşadan-tamaşaya obrazlara yeni rəng və boyalar qatmaqla onun daha canlı və inandırıcı alınmasına nail olduğu diqqətə çatdırılır.
* * *
Fəlsəfə doktoru İmran Axundovun “Barat Şəkinskaya” monoqrafiyası da diqqəti cəlb edir. Müəllif kitabın ilk cümlələrini SSRİ Xalq artisti Sidqi Ruhullanın fikirləri ilə başlayır: “Mən səni sevirəm. Ona görə yox ki, gözəlsən, məharətlisən. Ona görə ki, yaxşı sənətkarsan”.
Kiçik yaşlarından 25 yaşlı cavan, savadsız ananın ümidinə qalan Barat Şəkinskayanın həyatı keşməkeşli, çətin olmuşdur. Müəllif aktrisanın ilk kövrək addımlarını 1924-cü ildə “Gəncə qadınlar klubu”nun nəzdindəki həvəskarlar dərnəyinin hazırladığı “Lenin artıq yoxdur” tamaşasında balaca qız obrazı ilə atdığını qeyd edir. İlk səhnə uğurundan sonra o, dərnəyin rəhbəri Əsəd Şıxzamanovun qayğısı ilə əhatə olunur.
Monoqrafiyada aktrisanı xarakterizə edən ən başlıca əlamətlərdən biri özünəməxsusluq, səhnədə hər bir obrazı ilə daim yeniliyə can atmaq meyli qeyd edilir. Vurğulanır ki, Barat Şəkinskaya istər klassik dram qəhrəmanlarının, istərsə də müasir dramaturqların əsərlərindəki obrazları eyni məharətlə yaratmışdır. Müəllif aktrisa tərəfindən obrazların necə ustalıqla canlandırıldığını, hər bir rolun fərqli cəhətlərini təhlil edir, maraqlı fikirlər söyləyir.
Altı fəsildən ibarət kitabda Barat Şəkinskayanın kino fəaliyyəti də geniş təhlil olunur, 1955-ci ildə “Görüş” filmində yaratdığı Şövkət obrazı aktrisanın kino fəaliyyətinin uğurlu başlanğıcı kimi qeyd edilir. Vurğulanır ki, aktrisa, teatrda olduğu kimi, milli kinomuzda da yaratdığı hər bir obrazı tamaşaçılara dəqiq boyalarla çatdıra bilmişdir.
* * *
Hər üç monoqrafiyada böyük sənət korifeylərinin yaradıcılıq yolu səhnə sənətimiz üçün əvəzsiz sərvət kimi vurğulanır. Eyni zamanda müəllif hər bir məsələyə bu və ya digər şəkildə müasir Azərbaycan teatrının yaradıcılıq problemləri və qayğıları işığında nəzər salır ki, bu da kitabların dəyərini daha da artırır.
Anar Bürcəliyev
teatrşünas