“Elmira Əhmədova. Mən jurnalistəm...”. İstedadlı jurnalist, həyatdan vaxtsız getmiş Elmira Əmrahqızı haqqında kitab belə adlanır. Kitabda mərhum jurnalistlə bağlı yaxınlarının, həmkarlarının xatirələri toplanıb.
Elmira Əmrahqızı jurnalistika fəaliyyətinə keçən əsrin 70-ci illərində başlamışdı. Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin faciəli 20 yanvarında onun Avropada yayımlanan “Azadlıq” radiosunda həyəcanla dediyi “Mən jurnalistəm! Bakıdan danışıram!” sözləri milyonlarla insana Azərbaycanda dayaq, xaricdəki soydaşlarımıza isə obyektiv məlumat idi. Onun yazı və reportajlarında başlıca mövzu Dağlıq Qarabağ problemi və Azərbaycanın müstəqilliyinə doğru gedən yol idi.
Kitabın ikinci və üçüncü hissələrində Elmira Əmrahqızının hazırladığı məqalələr və reportajlar verilir. Dördüncü hissədə Elmira xanımla müsahibələr və onun şəxsi arxivindən seçilmiş bəzi materiallar təqdim olunur. Nəşrdə yer alan fotoşəkillər onun hər zaman dövrünün peşəkar jurnalistləri ilə bir arada olduğunu göstərir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov kitaba yazdığı “Qələminə və əqidəsinə, millətinə və dövlətinə sadiq jurnalist” başlıqlı ön sözdə unudulmaz tələbə yoldaşı haqqında fikirlərini bölüşüb: “Harada işləməsindən, hansı informasiya vasitəsini təmsil etməsindən asılı olmayaraq, Elmira Əmrahqızı bütün ömrü boyu qələminə və əqidəsinə sadiq qaldı. Çünki Vətəni və xalqı üçün döyünən böyük ürəyə sahib idi. Elmira Əmrahqızının qələmi o ürəyin diktə etdiklərini yazır, sözlər dilinə o ürəkdən süzülüb gəlirdi”.