Ötən həftə Bakıda keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium təkcə müzakirəyə çıxarılan məruzələrlə deyil, həm də məruzəçiləri ilə maraqlı idi. Onlardan biri də yapon qızı Simuyo Okumura idi. "İslam miniatürlərində yəhər altlıqları: Məhəmməd peyğəmbərin gecə meracı və cənnəti görməsini əks etdirən rəsmlər" mövzusunda çıxış etmək üçün təkcə tədqiqatçı marağı yəqin ki azdır. Tamam fərqli sivilizasiyada böyümüş, fərqli mental dəyərlərlə formalaşmış sənətşünasın belə bir mövzuya cəsarətlə baş vurması onun özünə qarşı maraq doğurmaya bilməzdi.
Nahar fasiləsində onunla bir masa arxasında rastlaşdıq. Ünsiyyət dilimiz Türkiyə türkcəsi idi. Simuyo Okumuranın səlis türkcəsi həm də adamda bir fəxarət duyğusu oyadırdı.
- Simuyo, bu xalça sevdası, türk mədəniyyətinə sevgi haradan qaynaqlandı, necə başladı?
- Mən türk dilini, tarixini Yaponiyada universitetdə oxuyarkən öyrənmişəm. Sonra təxminən üç il muzeydə çalışdım. 1994-cü ildə ilk dəfə Türkiyəyə gəldim. Türkiyəyə gəlincə də xalı sənəti ilə tanış oldum, xalıların rənglərinə bayıldım. Magistr təhsili aldım, doktoranturanı bitirdim. O zamandan indiyədək Türkiyədəyəm. Hazırda müstəqil çalışıram. Elə bu simpoziumda iştirak edən doktor Şərifə Atlıxanın layihələrində ona kömək edirəm. Şərifə xanım kəndlərdə xalı toxuyan qadınlara dəstək olur, mən də xalı sənətinin yaşaması üçün bildiyimi əsirgəmirəm.
- Dediniz ki, xalıların rənginə bayıldım.
- Bəli, inanmırsınız?
- Niyə, inanıram. Amma yapon ipəyinin, saxsısının, çinisinin rəngləri də çox insanı cəlb edir.
- Elədir. Amma yapon incəsənətinin rəngləri də yapon təbiətinin rənglərini xatırladır. Çox sakit boyalar, pastel çalarları üstündür. Mən özüm Kioto şəhərindənəm. Bilirsiniz ki, Kioto kimononun vətənidir. Bəlkə də elə buna görə rənglərdən, naxışlardan, ipəkdən çox xoşum gəlir. Bütünlükdə sənət tarixi, xalılar, qumaşlar, toxuculuq məmulatları məni çox maraqlandırır. Araşdırmalarımda Şərq ilə Qərbi müqayisə edirəm. Yaponiya Asiyanın ən şərq, Türkiyə isə ən qərb ölkəsidir. Digər tərəfdən, Türkiyə ilə Avropanın toxuculuq ənənələrindəki oxşarlıq və fərqləri ortaya çıxarmağa çalışıram.
- Bir ölkəyə, onun mədəniyyətinə sizin qədər bağlanmaq üçün təkcə məslək sevgisi yetərli olmaz...
- Elədir. Mənim doğma şəhərim Kioto da qədim şəhərdir, İstanbul da. Tarixin, keçmiş dövrlərin içində olmaq çox xoşuma gəlir. Bir də türk insanları kimi türk yeməkləri də çox gözəldir, türk mətbəxini çox sevirəm. Hərdən fikirləşirəm ki, bəlkə Yaponiyaya qayıdım? Amma qəti qərar verə bilmirəm, İstanbuldan qopa bilmirəm.
- Deyəsən, Bakıya da ilk gəlişinizdir?
- Mən sizin ölkənizi xalılardan tanıdım. Özüm isə ilk dəfədir ki, Azərbaycana gəlirəm. Simpoziumun proqramı sıx olduğundan gəzmək imkanım yoxdur. Amma hiss edirəm ki, Bakı mənim xoşuma gəlir, azərbaycanlıların simasındakı sakitlik ifadəsi məni cəlb edir.
- Azərbaycan yeməklərinin necə, dadına baxdınız?
- Hoteldə Azərbaycan plovu yedim, çox da bəyəndim...
- Bizdə plovun da, şirniyyatın da çeşidləri elə xalıların çeşnisi qədər zəngindir. Siz bizlərə eləcə müsafir olaraq gəlin, həm Azərbaycanla, həm də mətbəximizlə tanış edək. İnanıram ki, buranı da Türkiyə qədər sevəcəksiniz...
- Hər şey olur. Sağlıq olsun, mütləq bir başqa zaman gələcəyəm. Siz də İstanbula gəlsəniz, məni arayın.
* * *
Nahar bitincə salona qayıdırıq. Hərə öz yerini tutur. Düşünürəm ki, bu elmi məclisə qatılan, hər çıxışı diqqətlə dinləyib qeydlər aparan, onu maraqlandıran suallara cavab axtaran müxtəlif xalqların insanlarını Bakıya toplayan Azərbaycan xalçasına maraq, bu maraqdan doğulan məhəbbət, bəlkə də əksinə, məhəbbətdən yaranan maraqdır. Elə xalça naxışlarının, boyalarının aşiqi Simuyo Okumuranı da günəş rəmzli Yaponiyadan gətirib ay-ulduzlu ölkəyə bağlayan sənət sevdası deyilmi?..
Gülcahan Mirməmməd