Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bibliya tarixi” (müəllif Arximandrit Venedikt) və “Pravoslav katixizisi” (müəllif İ.Qluxov) kitablarının Azərbaycan dilində nəşrinin təqdimatı olub.
Tədbir AMEA-nın Dilçilik İnstitutu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bildirib. Vurğulanıb ki, kitabların Azərbaycan dilinə tərcüməsi bu ölkədə xristianlığa verilən böyük dəyərin göstəricisidir.
DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanın müxtəlif sivilizasiyaların mərkəzində yerləşdiyini bildirib. O, dövlət tərəfindən dini icmalara maddi yardımların göstərildiyini, kilsə və sinaqoqların yenidən bərpa olunduğunu diqqətə çatdırıb.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin tarixən sülh şəraitində yaşamasının Azərbaycan xalqının təbiətindən, qonaqpərvərliyindən qaynaqlandığını vurğulayıb.
“Bibliya tarixi” və “Pravoslav katixizisi” kitablarının Azərbaycan dilinə tərcüməçisi, Dilçilik İnstitutunun şöbə müdiri professor Mayıl Əsgərov nəşrlər barədə məlumat verib. Alim Azərbaycan dilində xristianlıq, o cümlədən pravoslavlıqla bağlı məlumatların az olduğunu, nəşrlərin həmin boşluqları dolduracağını söyləyib. Vurğulanıb ki, kitablar Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcək.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” İctimai Birliyinin rəhbəri, ieromonax Aleksandr Faut, Sankt-Peterburq Dövlət Universitetinin professoru Olqa Serpskaya, A.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin professoru Marianna Dvoretskaya və başqaları ölkəmizdə həyat tərzinə çevrilmiş tolerantlıqdan, hər iki kitabın Azərbaycan dilində nəşrinin əhəmiyyətindən bəhs ediblər.