Azərbaycanda nəşr və tərcümə sahələrinin inkişafına töhfələr verən tanınmış maarifçi, Əməkdar mədəniyyət işçisi Adil Əfəndiyevin anadan olmasının 110 ili tamam olur.
Adil Ələddin oğlu Əfəndiyev 30 oktyabr 1907-ci ildə Bakıda dünyaya gəlib. Anası Şəfiqə Əfəndizadə dövrünün tanınmış pedaqoqlarından olub, Gürcüstanın Axalsix rayonunun Azqur kəndində maarifçi Məmmədəmin Şeyxzadənin ailəsində doğulub. 1901-ci ildə milyonçu Tağıyevin Bakıda açdığı Qızlar məktəbinə müəllim işləməyə dəvət olunub. Atası Ələddin də müəllim olub.
Adil Əfəndiyevin uşaqlıq illəri çox qarışıq bir dövrə təsadüf edir. Çətinliklərə baxmayaraq, orta təhsilini müvəffəqiyyətlə başa vurur. Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. Əmək fəaliyyətinə 1924-cü ildə “Kəndli qəzeti”ndə başlayır. Sonrakı illərdə “Azərnəşr”də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri işləyir.
O, gənclik çağlarından poeziyaya da maraq göstərib, “Adil Nəcdət” təxəllüsü ilə şeirləri mətbuatda dərc olunub. “Qızıl qələmlər” ittifaqının katiblərindən biri təyin edilir. 1927-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv seçilir.
Adil Əfəndiyev rusca-Azərbaycanca ikicildlik lüğətin tərtibçisi və redaktoru olur. 1930-cu ildə çapdan çıxan “Azərbaycan türk xalq ləhcələri lüğəti”nin yaranmasında yaxından iştirak edir. 1939-1953-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışır. Daha sonra respublika mədəniyyət nazirinin müavini, “Azərnəşr”in direktoru, Respublika Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri işləyir.
Araşdırmalardan məlum olur ki, o, dərin və çoxcəhətli biliyi, gözəl redaktorluq bacarığı, eyni zamanda sadəliyi, təvazökarlığı və mehribanlığı ilə diqqətləri cəlb edib. Azərbaycan dilinin gözəlliyini, zənginliyini, musiqi irsimizi bütün varlığı ilə duyaraq qiymətləndirməyi, qorumağı bacaran ziyalı olub.
A.Əfəndiyev tərcümə işinin prinsiplərini araşdıran və ümumiləşdirən nəzəriyyəçi alim kimi də tanınıb. 1957-ci ildə Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan tərcüməçilərinin regional müşavirəsində etdiyi məruzə tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanır. O, məruzəsində zəngin təcrübəsinə, eyni zamanda dərin nəzəri biliyinə əsaslanaraq dərsliklərin və pedaqoji kitabların tərcüməsindəki səciyyəvi nöqsanları göstərir. Bunların nədən irəli gəldiyini, yüksək keyfiyyətli tərcümənin üsullarını özünəməxsus şəkildə izah edir.
Xalq yazıçısı Qılman İlkin “Nəcib bir insan haqqında” məqaləsində yazır: “Adil Əfəndiyevi o zaman hamımız canlı ensiklopediya adlandırırdıq. O, işləyən yerdə heç bir ensiklopediya və ya lüğətə ehtiyac duyulmazdı. Dərin hafizəsi vardı. Dostları və ətrafında olan adamlar onu yüksək mədəniyyətli bir insan kimi tanıyırdılar. O, sözün əsl mənasında ziyalı idi...”.
Görkəmli maarif xadiminin yaradıcılığında tərcüməçilik xüsusi yer tutur. İ.S.Turgenev, A.S.Puşkin, L.N.Tolstoy, M.Tven, C.Oldric və digər müəlliflərin əsərlərini, eləcə də siyasi əsərləri (K.Marks, F.Engels, V.İ.Lenin), habelə tarix və coğrafiya dərsliklərini rus dilindən Azərbaycan dilinə tərcümə edib, bir sıra tərcümələrin redaktoru olub.
Onun hərtərəfli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib, “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. Həmçinin “Xalq maarif əlaçısı”, “Əməkdar mədəniyyət işçisi” adlarına layiq görülüb. Bakı Sovetinin bir neçə çağırış deputatı seçilib.
Adil Əfəndiyev 1973-cü ildə Bakıda vəfat edib.
Savalan Fərəcov