“Baku Guide” kataloqunun növbəti sayında Şopinq festivalına geniş yer verilib
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun növbəti (oktyabr-noyabr) buraxılışı çapdan çıxıb.
İngilis və rus dillərində nəşr olunan kataloqun bu sayında 15 oktyabr - 15 noyabr tarixlərində keçirilən II Bakı Şopinq Festivalına xüsusi yer ayrılıb. Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamına əsasən festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib, təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir.
Artıq paytaxtımızın tanıtım layihələrindən birinə çevrilən Şopinq festivalı bu dəfə də xarici turistlərə və yerli sakinlərə bir ay ərzində sərfəli ticarət imkanları yaratmaqla yanaşı, geniş mədəni proqram, tarixi məkanlara ziyarət və rəngarəng əyləncələrlə dolu istirahət vəd edir. Bələdçi kataloqunda paytaxt teatrlarının repertuarı, konsert müəssisələrinin proqramları, kino zallarında nümayiş olunacaq filmlərin afişası, muzeylərdə, sərgi salonlarında şəhər sakinlərini və qonaqları gözləyən maraqlı tədbirlər və s. ilə bağlı geniş informasiya verilir.
Nəşrdə həmçinin 20-28 oktyabr tarixində paytaxtımızda keçirilən növbəti musiqi bayramı - ənənəvi Bakı Beynəlxalq Caz Festivalı barədə ətraflı məlumat almaq mümkündür. “Bakını kəşf et”, “Üçgünlük Bakı gəzintisi”, eləcə də şəhərin arxitektura inciləri, turistlər üçün ağız dadı - zəngin mətbəx menyusu və s. mövzulu yazılar oxucular üçün maraqlı olacaq. “Səyyah qəlbli rəssam” yazısı isə İçərişəhərin ziyarətçilərini rənglər aləminə - tanınmış rəssam Əli Şəmsinin emalatxanasına aparacaq.
“ASAN Viza” xidməti, keçən ildən tətbiqinə başlanılan “Tax Free” sistemi barədə materiallar da əcnəbi qonaqların diqqətini çəkəcək. Paytaxtımızı yaxından görüb tanımaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Baku City Tour” - şəhər turunun marşrutu və dayanacaqları, göstərilən xidmətlər barədə məlumatla tanış ola bilərlər.
Qeyd edək ki, 2014-cü ildən nəşr olunan “Baku Guide” kataloqunun mobil tətbiqi də artıq istifadəyə verilib. Mobil tətbiqin axtarış sistemi vasitəsilə lazım olan ünvanı tapmaq, hotel, restoran, kafe, alış-veriş mərkəzləri, muzeylər, qalereyalar, tarixi məkanlar və s. haqqında məlumat almaq, ünvan və əlaqə telefonlarını dəqiqləşdirmək çox asandır. Tematik bölmələr, müxtəlif rubrikalar şəhərdə harada və necə istirahət etmək, tarixi məkanlara ziyarət - bir sözlə, kiçikdən böyüyə, cavandan yaşlıya hər kəs üçün zövq və marağa uyğun informasiya təqdim edir. “Baku Guide” mobil tətbiqini İOS və Android əməliyyat sistemli bütün smartfonlar tam dəstəkləyir və App store-dən yükləmək olur.