Belqradda Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Rusiyanın Serbiyadakı səfirliyi ilə birgə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasının istehsalı olan “Xəzərdən Dunaya” adlı sənədli filmin təqdimatı keçirilib. Rusiyanın Serbiyadakı səfirliyinin nəzdindəki “Rus Evi”ndə təqdim olunan film II Dünya müharibəsində azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasına həsr olunub.
Tədbiri “Rus evinin” direktoru Mixail Denisov açaraq sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının faşizmə qarşı birgə mübarizəsindən bəhs edib. Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov çəkilişləri Azərbaycan, Rusiya, Ukrayna, Serbiya və Rumıniya ərazilərində aparılan və serb dilinə tərcümə olunmuş “Xəzərdən Dunaya” sənədli filminin təqdimatı kimi tədbirlərin təşkil olunmasının ölkələr və xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə xidmət etdiyini bildirib.
Filmin rejissoru Tahir Əliyev çıxış edərək ekran əsərinin ideyasından, müxtəlif ölkələrdə apardıqları çəkilişlərdən bəhs edib, sənədli filminin qəhrəmanlarından biri - “223-cü Belqrad diviziyası”nın döyüşçüsü olmuş 90 yaşlı Zülfəli Əliyevin Belqrad sakinlərinə məktubunu oxuyub.