Teatrda baş verənlər teatrı sevənlərə, onunla maraqlananlara həmişə tez çatır. Məsələn, bu dəfə də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni monotamaşanın təhvil verilməsinə xeyli qalmış xəbər tutduq. Onu da öyrəndik ki, tamaşanın ideyası və ifaçısı bu teatra ən yaxın (məsafə baxımından) qonşu teatrdan gəlib...
Uşaqlı-böyüklü hər kəsin sevimlisi olmağa çalışan Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, teleaparıcı Ülviyyə Əliyeva bu dəfə özünü kukla tamaşasında sınamaq istəyir.
- Mən tez-tez uşaqların, xüsusilə xəstə uşaqların qarşısında çıxış edirəm. Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlar biz sənət adamlarını görəndə çox sevinirlər. Bir neçə dəfə Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovla, eləcə də teatrın nəzdindəki «Oyuq» studiyasının uşaqları ilə onların qarşısında konsert proqramları ilə çıxış etmişik. Görürəm ki, uşaqlar kuklaların iştirakı ilə olan səhnəcikləri çox bəyənirlər. Ümumiyyətlə, kuklalarda nə hikmət varsa, böyüklər də onlara biganə qala bilmirlər. Buna görə də fikirləşdim ki, kuklalarla birlikdə tamaşa hazırlayım. Kukla Teatrının rəhbərliyi fikrimi bəyəndi. Artıq səhnə məşqlərinə başlamışıq. Mənim kuklaçılıqla bağlı heç bir iş təcrübəm yoxdur. Bilirəm ki, tamaşa üzərində çox işləmək lazım gələcək.
Tamaşa varsa, deməli, onun müəllifini də eşitmək lazımdır. Gənc rejissor Anar Məmmədov:
- Ülviyyə xanımla hələlik ilk məşqləri edirik. Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı «Şəngülüm, Şüngülüm və Məngülüm» poemasını seçmişik. Bu əsər bizim teatrda əvvəllər də tamaşaya qoyulub. Sadəcə, bizim layihə monotamaşa olduğu üçün Keçinin balalarından birini ixtisara salmışıq. Çünki səhnədə bir kuklaçı aktyor eyni vaxtda yalnız iki kukla oynada bilər. Üstəlik, Ülviyyə xanım səhnədə altı obrazda görünəcək: Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm və Məngülüm, bir də Canavar. Aktrisa tamaşanı həm parket kukla (yəni iri, xüsusi rıçaqla hərəkət etdirilən), həm də əlcək (ələ taxılıb oynadılan) kuklalarla oynayacaq.
Aktrisa səhnəyə çıxıb. Hələ ki, kuklalarla tanış olur. Səsini dəyişib hər obrazın öz dilində danışmağa başlayır. Hiss olunur ki, obrazların danışıq tərzini tapıb. Özü də bu tapıntılardan çox məmnundur. Arada Anar məşqi saxlayır, ona hansı kukla ilə necə rəftar edəcəyinin xırdalıqlarını anladır.
Tamaşaya musiqini Elza Seyidcahan bəstələyir. Hər obrazın öz mahnısı olacaq. Mahnıları elə aktrisa Ülviyyə Əliyeva özü ifa edəcək. Aktrisa deyir: «19 illik səhnə həyatımda çox obraz oynamışam, onların mahnısını ifa etmişəm. Amma heç vaxt Canavar, ya da Keçinin səsi ilə mahnı oxumamışam. Özüm üçün də çox maraqlıdır ki, bu monotamaşanın öhdəsindən necə gələcəyəm».
...Daha məşq prosesinə müdaxilə etmək istəmirik. Çünki qalanı tamaşaçılar üçün sirr olaraq qalsa yaxşıdır. Əslində, elə bizim üçün də bəzi məqamlar heç açılmadı. Məsələn, Ülviyyə xanım Nağılçı obrazında necə görünəcək, onun qəhrəmanlarını tamaşanın rəssamı İqbal Əliyev bizə necə təqdim edəcək, mahnıların mətni, musiqisi necədir və s.
Nə eybi, bir az da gözləyərik. «Şəngülüm və Məngülüm» noyabrın sonu-dekabrın əvvəli təhvil veriləcək. O zaman tamaşaya baxarıq, fikirlərimizi də bölüşərik.
Gülcahan Mirməmməd