Xəbər verdiyimiz kimi, yazıçı-jurnalist Aqil Abbasın “Dolu” romanı əsasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında eyniadlı filmin çəkilişləri davam edir. Dövlət sifarişi ilə çəkilən bədii filmdə tanınmış aktyorlar rol alıb. Quruluşçu rejissor Elxan Cəfərov gənclərə də böyük etimad göstərib. Əsərdəki əsas obrazlardan birini - Pələngi ekranda canlandırmaq kinoda ilk addımını atan Elvin Əhmədova etibar olunub. 
   Yaradıcı qrupun və çəkiliş prosesini izləyənlərin fikrincə, Elvin bu rolun öhdəsindən gəlməyi bacarır. Onu oxucularımıza da yaxından tanıtmaq qərarına gəldik.

  
   Pələngdən əvvəl
  
   - Elvin, inşallah ulduz aktyor olanda bəlkə də bu sual sənə bir qədər şablon görünəcək. Amma indi bu sual təbii səslənməlidir. Özün haqqında oxucularımıza bilgi verə bilərsənmi?
   - 1990-cı ildə Salyanda anadan olmuşam. Ailəmiz Bakıya köçəndən sonra orta təhsilimi paytaxtda almışam. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsinə qəbul olundum.
   - Həmin universitetdə oxumaq öz seçimin idi, yoxsa test imtahanlarının özəlliyi səni oralara apardı?
   - Yox, öz seçimim idi. Hələ uşaq yaşlarından incəsənətin müxtəlif növləri ilə məşğul olurdum. Doqquzuncu sinifdə oxuyanda Arif Qazıyevin rəhbərlik etdiyi Muğam Teatrına gedirdim. Retro-estrada janrında ifam, deyilənə görə, pis alınmırdı. Amma müğənni olmaq istəmədim. Universitetdə qiyabiçi olduğum üçün I kursu bitirən kimi məni əsgər apardılar və Dövlət Sərhəd Xidmətinin "N" saylı hissəsində qulluq etdim. Sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəldim.
   - Kinostudiyada çalışsan da "Dolu" filmindəki Pələng deyəsən sənin ilk böyük rolundur?
   - Bu rola qədər bir-iki reklama çəkilmişəm. Ona görə də Pələngi böyük kinoda debütüm saymaq olar. Buna qədər Ənvər Əblucun "Tərsinə çevrilən dünya" filmində rejissor assistenti olmuşam.
  
   Pələng olanda
  
   - "Dolu"ya necə düşdün?
   - Bu ilin aprelində rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində baş rola çəkilməyə dəvət almışdım. Lakin foto-sınaqdan sonra bəyənilmədim. Buna baxmayaraq həmin filmdə rejissor assistenti kimi çalışdım. Paralel olaraq "Dolu" filmində də rejissor assistenti təyin edildim.
   - Amma rejissor assistenti Pələngə çevrildi...
   - Təxminən ay yarım rejissor assistenti kimi çalışdım. Çəkilişlərin başlamasına bir ay qalmış quruluşçu rejissor Elxan Cəfərov Pələng rolunda çəkilməyi təklif etdi. Sözün açığı, bu təklif mənim üçün gözlənilməz oldu. Elə bilirdim ki, hansı rola kimin çəkiləcəyi, o cümlədən Pələngə çəkiləcək aktyor artıq müəyyənləşib. Nə isə, görünür, qismətimdə Pələng obrazına çəkiləcəyim var imiş.
   - Filmdə Pələng olmaq istəyənlər çox idi?
   - Mənə qədər Elxan müəllim altı nəfəri bu rol üçün sınaqdan keçirib, lakin bəyənməyib. Sınaq çəkilişlərindən sonra mən təsdiqləndim. Həmin gündən "Mən evə qayıdıram" filmindəki işimi təhvil verib, "Dolu"nun çəkiliş qrupuna qoşuldum.
   - Buna qədər "Dolu" romanını oxumuşdun?
   - Sözün açığı, romanı oxumamışdım. Amma "Dolu"nun sorağını eşitmişdim. Televiziyada, qəzetlərdə Aqil Abbasın bu əsəri haqqında çox danışılırdı. Rejissor assistenti kimi, təbii ki, rejissor ssenarisini oxumuşdum.
   - Rola çəkiləndə rejissor ssenarisi ilə kifayətləndin?
   - Yox. Qəhrəmanımı daha yaxından tanımaq üçün romanı oxudum.
   - Romanı oxuyanların hər birinin öz Pələngi var. Bəs sənin oynadığın Pələng necə olacaq?
   - Mən filmin quruluşçu rejissorunun görmək istədiyi Pələng obrazını oynamağa çalışmışam. Mənə elə gəlir ki, rejissorun ürəyindəki Pələng elə ürəyimdəki Pələngə oxşayır. Bu baxımdan Elxan müəllimlə istəklərimiz üst-üstə düşür.
   Pələng "Dolu"da üç əsas qəhrəmandan biridir. O, hamıya, hətta Drakona da yaxşılıq etmək istəyir və sonda Drakonu ölümdən qurtarır. Pələng heç bir canlını öldürmək istəmir. Yalnız evinin üstünə gələn, evini dağıdan dəmiri-tankı vurur.
   - Deyilənə görə, Pələngin ölüm səhnəsi çəkilən epizodlar yaman təsirli alınıb. Çəkiliş qrupunun üzvləri, prosesi kənardan izləyənlər yaman təsirləniblər. Özün həmin kadrlara baxmamısan?
   - Elxan müəllimin özünəməxsus iş metodu var. Çəkilən kadrlara aktyorların baxmasına imkan vermir. Ona görə də çəkildiyim kadrların heç birinə baxa bilməmişəm. Ölüm səhnəsinə gəlincə, həmin epizod çəkilməzdən öncə texniki məsələlər həll edilməli, sonra biz məşq etməli idik. Elxan müəllim gəlib durdu başımızın üstündə və dedi ki, çəkirik. Rza Rzayevlə (Drakon) bir-birimizin üzünə baxa-baxa qaldıq. Çünki epizodu məşq etməmişdik. "Motor!" deyilən kimi sükut yarandı. Ömrümdə belə sükut eşitməmişdim. Yalnız yarpaqların səsini eşidirdim. Epizod çəkilən kimi hamı yaxınlaşıb məni təbrik etdi. Fürsətdən istifadə edib çəkiliş zamanı mənə inanan, mənəvi dayaq duran, məsləhətlərini əsirgəməyən insanlara, tərəf-müqabillərimə təşəkkürlərimi bildirirəm. İnşallah, əziyyətimiz boşa getməyəcək.
   Bilirəm ki, "Dolu" adi bir film deyil. Mədəniyyət və Turizm Nazirliyi də, yaradıcı və texniki heyət də, tamaşaçılar da filmdən böyük uğur gözləyir. İnanıram ki, baxımlı, yaddaqalan bir ekran əsəri olacaq. Bunun əksini heç ağlımdan belə keçirə bilmirəm.
   
   Pələngdən sonra
   
   - Kinoya Pələng kimi xarakterik obrazla gəlirsən. Bundan sonra, sözsüz ki, təkliflər çox olacaq...
   - Artıq belə təkliflər var. Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" əsəri əsasında çəkiləcək filmə dəvət almışam. Filmi çəkəcək türkiyəli rejissor mən də daxil olmaqla bir neçə aktyoru baş rola sınayacaq. Sınaq çəkilişlərindən sonra rejissor bu barədə qərarını bildirəcək.
  
   Etibar Cəbrayıloğlu