Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı üzrə daha bir görüş
   
   Noyabrın 1-də Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində AMEA-nın müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin rayon ictimaiyyəti ilə görüşü keçirilib. 
   Tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi İlham Manafov açıb.
   Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə Hüseynova Fondla Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair imzalanan niyyət protokoluna əsasən keçirilən tədbirlərdən danışıb. 
   Sonra şərqşünas alim K.Bünyadzadənin "Azərbaycanın muğam fəlsəfəsi" mövzusunda mühazirəsi dinlənilib. Azərbaycan muğamının Şərqin intibah dövründən təşəkkül tapdığını deyən alim əsrarəngiz sənət nümunəsini əsrlərdən süzülüb gələn mənəvi sərvət və çağdaş insanın sevərək dinlədiyi möcüzəvi sənət adlandırıb. 
   Tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam üçlüyü çıxış edib. İfaçılara təşəkkürnamələr təqdim olunub.