Belçikalı sürrealist rəssam Rene Maqritte (1898-1967) bu cərəyanın ən məşhur nümayəndələrindəndir. Onun əsərlərində gülüş, qorxu, qəribəlik bir arada yer alır. 
   Maqritte 1898-ci ildə Belçikanın Lessines şəhərində dünyaya gəlib. 1910-cu ildən rəsm çəkməyə başlayıb. 1912-ci ildə anası özünü çaya ataraq intihar edib. O, anasının cəsədinin sudan necə çıxarılmasının şahidi olmuşdu, 20-ci illərdə çəkdiyi bir sıra əsərlərində bu hadisənin təsiri aydınca duyulurdu. O, cəmi iki il peşə təhsili alıb: 1916-cı ildən 1918-ci ilədək Brüsseldəki İncəsənət Akademiyasında rəssamlığı öyrənib. 1922-ci ildə isə ailə qurub. 
   Maqritte bir müddət divar kağızı fabrikində çalışıb, daha sonra afişa və reklam dizaynı ilə məşğul olub. İlk sərgisini 1926-cı ildə Brüsseldə açıb. Bu sərgidən sonra onu tənqid edənlər çoxaldı, çünki üslub və mövzular yeni idi. Adamların qınağından qurtarmaq üçün rəssam Parisə köçdü. Parisdə sürrealizmin banisi, şair Andre Bretonla tanış oldu, onların yaradıcı dostluğu başladı. 
   Parisdə ilk vaxtlar rəssamı sürrealistlərin himayəçisi sayılan Edvard Ceyms dəstəklədi, ona evində yaşaması və yaratması üçün pulsuz yer verdi. Maqritte öz himayəçisinin obrazını iki əsərində yaradıb. İkinci Dünya savaşında almanlar Brüsseli işğal edəndə rəssam öz şəhərində idi. Həmin dönəmdə çəkdiyi əsərlərdə qanlı müharibənin dəhşətlərindən doğan gərginlik duyulur. 
   1936-cı ildə ilk dəfə rəssamın əsəri ABŞ-da sərgilənir. Ölümündən iki il öncə - 1965-ci ildə okeanın o tayında fərdi sərgisi baş tutdu. Maqrittenin sənət aləmində tanınması çox gec baş verdi. Rəssamın əsərlərinə yalnız 1960-cı illərdə maraq artdı, onun yaradıcılığı bütün sənətkarlar üçün ilham qaynağı oldu. 
   Sürrealistlər arasında onun əsərləri əsasən sadəliyi ilə seçilir. Bu əsərlərdə həyata sadə olduğu qədər dərin münasibət var. Bu, onu başqa sürrealistlərdən fərqləndirir. Sürrealistlər əsasən anlaşılmaz, kimsənin anlaya bilməyəcəyi əsərlər çəkirlər. Onların nə çəkdiklərini az qala özləri də bilmir. Yəni əsərdə məntiq yox dərəcəsindədir, rəssamın nə ifadə etdiyi kimsəyə aydın deyil. Maqrittenin də bütün əsərləri anlaşıqlı deyil, onların çoxu sadə təsvirlərdən ibarət olsa da, nə ifadə etdiyi sirr olaraq qalır. 
   Rəssam deyirdi: ”Mənim əsərlərim heç bir şey anlatmayan rəmzlərdir. Əsərlərimi görəndə ilk olaraq bu sualı verirlər: bunun mənası nədir? Onların heç bir mənası yoxdur, çünki rəsm özü də bilinməyən bir şeydir”.
   Dediyimiz kimi, Maqrittenin şöhrəti 60 yaşından sonra, ölümündən bir neçə il öncə artdı. Əsərləri rok musiqisi albomlarının qapaqlarında yer alınca rəssam geniş tanınmağa başladı. Onun ən məşhur əsəri “Adəm oğlu” adlanır. Burada çağdaş geyimli insanın üzü yaşıl alma ilə örtülüb. Deyilənə görə, bu, bir almaya görə cənnətdən qovulan bəşər övladına işarədir. İndi XX yüzilin bu böyük rəssamının əsərləri dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. 
   Rəssam 1967-ci ildə xərçəng xəstəliyindən ölüb.
   
   S.Qaliboğlu