Mədəniyyət və Turizm Nazirliyində Avstriyanın ölkəmizdəki səfiri ilə görüş
Noyabrın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşdə həmçinin səfirin dəvəti ilə Azərbaycanda qonaq olan Avstriyanın gənc istedadı Kiara Tayler və azərbaycanlı gənc istedad Fidan Hüseynova iştirak edib. Səfir Kiara Tayler haqqında nazir müavininə məlumat verərək bildirib ki, gənc ifaçı dəfələrlə Avstriyada və Avropanın digər ölkələrində mahnı və rəqs müsabiqələrinin qalibi olub. Diplomat Kiaranın həmçinin ölkəsində bir sıra televiziya müzikllərində baş rolları ifa etdiyini bildirib.
Sevda Məmmədəliyeva öz növbəsində Fidan Hüseynova barəsində məlumat verərək onun bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini vurğulayıb.
Görüşdə iki gəncin iştirakı ilə birgə layihənin həyata keçirilməsi təklifi irəli sürülüb. Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu layihələrə dəstək göstəriləcəyini deyib.
Nazir müavini gənc istedadlara uğurlar arzulayaraq Avstriya və Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələrin həyata keçirildiyini və bu layihələrin dostluğa və mədəniyyətlərin dialoquna xidmət etdiyini diqqətə çatdırıb.
Sonda səfir səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.
Lalə