Noyabrın 3-də Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli fırça ustası, Əməkdar rəssam Həsən Haqverdiyevin 100 illiyi münasibətilə sərgi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Nazirliyin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov çıxış edərək rəssamın həyat və yaradıcılığı, tədbirin əhəmiyyəti barədə söz açdılar.
Sərgidə rəssamın “Ləpirçilər”, “Qoy həmişə günəş olsun”, “Rəssam qız”, “Düşüncələrdə”, “İşığa doğru”, “Qara geyimli qız portreti”, “Kəllər” əsərləri nümayiş etdirilirdi.
Qeyd edək ki, sərgi 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib.
Vaqif Muğallı
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi