Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi barədə qərar şəhər ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Noyabrın 6-da şəhər İcra Hakimiyyətində keçirilən iclasda bu faktın Şəkinin tarixində çox mühüm hadisə olduğu vurğulanıb.
İcra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, UNESCO tərəfindən verilən bu qərar son illər ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Şəkinin “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi yerli sənətkarlığın inkişafına töhfədir.
Şəki tarixən sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi bölgə olub. Dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər sahələrdə sənətkarların əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdu.
İclasda bərpaçı-rəssam Sehran Məmmədov, gənc şəbəkə ustası İlqar Rəsulov, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə və başqaları çıxış edərək, Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini tarixi keçmişimizin, mədəni irsimizin yaşadılması baxımından əhəmiyyətini vurğulayıblar.