Xəbər verdiyimiz kimi, 4-18 oktyabr tarixində Parisdə keçirilən UNESCO İcraiyyə Şurasının 202-ci sessiyasında “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik” Proqramının icrasına dair hesabat müzakirə olunub. Hesabatda proqram çərçivəsində UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq və ölkəmizin bu proqrama verdiyi töhfələr barədə məlumat yer alıb.
Hesabatın 8-ci bəndində Azərbaycanın dəstəyi ilə mədəniyyətlərarası dialoqun elektron resurslar vasitəsilə təşviqi sahəsində görülən işlər və bu ilin may ayında Bakıda baş tutan 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Diversity, Dialogue and Sharing” nəşrinin təqdimatı haqqında məlumat verilir.
Hesabatın 9-cu bəndində UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən “İnterculturalism at the crossroads” mövzusunda araşdırma fəaliyyətinin məhz ölkəmizdə keçirilmiş 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində başlanıldığı qeyd edilir. Sənədin 14-cü bəndində isə Foruma hazırlıq məqsədilə yaradılan İşçi qrupun tərkibinə digər BMT qurumları ilə yanaşı UNESCO-nun daxil olduğu və bu sahədə fəal iş aparıldığı bildirilir. Həmçinin İpək Yolu Onlayn Platformasının əlaqələndiricilərinin görüşünün Forum çərçivəsində Bakıda keçirildiyi qeyd olunur.