Noyabrın 2-də AMEA-nın Folklor İnstitutu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay şəhərində "Bir dünya, min millət" mövzusunda elmi seminar keçirilib. 
   Seminarın məqsədi Azərbaycan narının tanıtımı, onun folklorumuzda mifoloji semantikası və etnoqrafiyamızda yeri kimi məsələləri müzakirə etmək olub. 
   Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq iştirakçıları salamlayıb, Nar festivalı ərəfəsində keçirilən seminarın əhəmiyyətini qeyd edib. 
   Sonra İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin ərsəyə gətirdiyi "Nar - bir dünya" sənədli filminin nümayişi olub.
   AMEA Folkor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Azərbaycan folklorunda narın mifoloji semantikası" mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan folklorunun bir çox janrlarında - nağıllarda, dastanlarda, bayatılarda, aşıq sənətimizdə, el nəğmələrimizdə narın təsvirinə geniş yer verilir. Xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjetlər, motivlər, obrazlar var. Qurani-Kərimdə bir neçə meyvənin, o cümlədən narın adı çəkilir. Nar mifoloji rəmz kimi məhəbbət, güc, məhsuldarlığı ifadə edir. 
   Seminarda Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov "Azərbaycan nağıllarında narın simvolikası", institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli "Bayatılarda nar və onun semantik çalarları", rayon Təhsil şöbəsinin metodisti Əkbər Əliyev "Klassik poeziyada nara müraciət", rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva "Nar təbabətdə", dini icma sədri Müşfiq Əskərov "Qurani-Kərimdə nar", rayon Bitkiçilik sektorunun baş məsləhətçisi Famil Nəbiyev "Narçılığın iqtisadi əhəmiyyəti" mövzularında çıxışlar ediblər. 
   S.Qaliboğlu